2026-cı il Nobel Sülh Mükafatının qalibi məlum olub.
Norveç Nobel Komitəsi bu mükafata "sülhün və beynəlxalq hüququn
qorunması sahəsindəki xidmətlərinə görə" Navanethem "Navi" Pilleyi
layiq görüb.
N.Pilley Cənubi Afrika Respublikasının (CAR) Durban şəhərində
anadan olub. Nobel Komitəsinin məlumatına görə, o, vətənində kəskin
ayrıseçkilik və təzyiqlərlə üzləşsə də, hüquqşünas peşəsinə
yiyələnə bilib. Pilley CAR Ali Məhkəməsinə təyin
olunan ilk
qeyri-ağdərili qadın hakim kimi tarixə düşüb. O, həmçinin Ruanda
üzrə Beynəlxalq Cinayət Tribunalının sədri, BMT-nin insan hüquqları
üzrə ali komissarı və Beynəlxalq Cinayət Məhkəməsinin hakimi
vəzifələrində çalışıb.
2025-ci ildə Nobel Sülh Mükafatı Venesuelanın müxalifətçi
siyasətçisi Mariya Korina Maçadoya verilib. O, bu mükafata
"Venesuela xalqının demokratik hüquqlarının təşviqi yönündə
yorulmaz fəaliyyətinə, diktaturadan demokratiyaya ədalətli və dinc
keçid uğrunda mübarizəsinə görə" layiq görülüb. 2026-cı ilin
yanvarında Maçado medalını ABŞ prezidenti Donald Trampa təqdim
edib. O, Trampın Venesuelanın azadlığına olan "müstəsna" sədaqətini
yüksək qiymətləndirdiyini bildirib.
Bundan əvvəl ABŞ qüvvələri Venesuela lideri Nikolas Maduronu xüsusi
əməliyyatla ələ keçirərək Nyu-Yorka aparıb və həbsxanaya
yerləşdirib. O, özünə qarşı narkotik ittihamlarını rədd edir.
8 oktyabr
Ədəbiyyat üzrə 'Nobel' kanadalı yazıçıya verildi
2026-cı il ədəbiyyat üzrə Nobel mükafatı kanadalı yazıçı Enn
Karsona verilib. İsveç Akademiyası bildirir ki, o, bu mükafata
"klassik ənənə ilə oynaq dialoq quraraq, müasir ədəbiyyatda yeni
formalar yaradan cəsarətli və yenilikçi yaradıcılığına görə" layiq
görülüb.
Mükafatın məbləği 12 milyon İsveç kronudur (1.2 milyon ABŞ
dolları).
"Reuters" yazır ki, şair və esseçi Karsonun yaradıcılığında şeir,
nəsr, dialoq və tərcümə birləşərək çox vaxt janr sərhədlərini
aşır.
O, xüsusilə qədim yunan ədəbiyyatından tərcümələri ilə geniş
tanınır. Karsonun zəngin yaradıcılığında opera librettoları, ədəbi
tənqid nümunələri, eləcə də 1998-ci ildə işıq üzü görmüş
"Qırmızının avtobioqrafiyası" mənzum romanı daxildir.
7 oktyabr
Kimya üzrə Nobel mükafatı molekulun tək güzgü formasının
yaradılmasına görə verildi
2026-cı il kimya üzrə Nobel mükafatı Henri Kaqan və Kenso Soaiyə
verilib. Onlar bu mükafata molekulun bir-birinin güzgü əksi olan
iki formasından yalnız birinin yaradılması kəşfinə görə layiq
görülüblər. Uzun illərdir həlli gözlənilən bu məsələ dərman
istehsalı üçün son dərəcə əhəmiyyətli sayılır.
Alimlər əvvəllər amin turşuları kimi bəzi molekulların bir-birinin
güzgü əksi olan iki variantda mövcud olduğunu müşahidə etmişdilər.
Amma canlı orqanizmlərdə bu variantlardan yalnız birinə rast
gəlinir. Belə bir kimyəvi asimmetriyanın necə yarana biləcəyi isə
uzun müddət kimyaçılar üçün sirr olaraq qalırdı. Kaqan və Soai məhz
bu sirri açmağa nail olublar.
Elmi dildə mükafat
"asimmetrik üzvi sintezdə qeyri-xətti
effektlərin və avtokatalizin kəşfinə görə" verilib.
"Builki mükafat kimyanın fundamental əsasları ilə
bağlıdır", – Kimya üzrə Nobel Komitəsinin sədri
Hayner Linke deyib.
Soai yapon, Kaqan isə fransızdır.
Linkenin sözlərinə görə, həyat üçün vacib bir çox molekul, sol və
sağ əl kimi, bir-birinin güzgü əksi olan iki formada mövcuddur.
Canlı orqanizmlər isə əsasən bu formalardan yalnız birindən
istifadə edir. Yunanca "əl" sözündən yaranan və "homoxirallıq"
adlanan bu fenomen bir əsrdən çoxdur ki, kimyaçıları
düşündürür.
Builki mükafatı qazandıran kəşf isə kimyəvi reaksiyaları molekulun
güzgü formalarından yalnız birinin üstünlük təşkil etməsinə
yönəltməyin mümkünlüyünü ortaya qoyub. Bu, dərman istehsalında
reaksiyalar hazırlayan kimyaçılar üçün vacibdir.
"Bir çox dərman molekulu bir-birinə tam uyğun gəlməyən,
güzgü əksi olan iki variantda mövcuddur: onlardan biri müalicəvi
təsir göstərir, digəri isə arzuolunmaz və bəzən zərərli yan
təsirlərə səbəb ola bilər", – Nobel Fondu
bildirib.
6 oktyabr
Cənub qütbündə kosmosu izləyən alimə 'Nobel' verildi
2026-cı il fizika üzrə Nobel mükafatı Frensis Halzenə verilib.
İsveç Kral Elmlər Akademiyası mükafatın belçikalı alimə ""IceCube"
Neytrino Rəsədxanasına və astrofiziki mənşəli yüksək enerjili
neytrinoların kəşfinə həlledici töhfələrinə görə" verildiyini
açıqlayıb.
F.Halzen ABŞ-nin Viskonsin-Medison Universitetində çalışır.
Professor Halzen ilk dəfə 1988-ci ildə uzaq kosmosdan Yerə çatan
neytrinoları aşkarlamaq üçün Cənub qütbündəki buz kütləsindən
istifadəni təklif edib. Onun bu ideyası sayəsində 2011-ci ildə
Antarktidada inşa edilən "IceCube" rəsədxanası minlərlə işığa
həssas sensorun yerləşdirildiyi bir kubkilometrlik nəhəng buz
blokundan ibarətdir. Həmin sensorlar uzaq kosmosdan gələn yüksək
enerjili neytrinoları qeydə almağa imkan verir. Bununla da tamamilə
yeni elm sahəsinin — neytrino astronomiyasının əsası qoyulub.
5 oktyabr
Tibb üzrə Nobel mükafatının qalibləri elan olundu
Oktyabrın 5-də 2026-cı il fiziologiya və ya tibb üzrə Nobel
mükafatının qalibləri açıqlanıb.
Karl Deysserot, Peter Heqeman və Georq Naqel "işıqla idarə olunan
ion kanalları və optogenetika ilə bağlı kəşflərinə görə" bu ali
mükafata layiq görülüblər.
Bu həftə ərzində fizika, kimya, ədəbiyyat və sülh üzrə Nobel
mükafatı qaliblərinin də adları açıqlanmalıdır. İqtisadiyyat üzrə
mükafatın sahibinin isə gələn həftə açıqlanacağı gözlənilir.
Tibb üzrə Nobel mükafatı laureatlarını İsveçin Karolinska
İnstitutunun Nobel Assambleyası seçir. Qaliblərə 12 milyon İsveç
kronu (1.2 milyon ABŞ dolları) məbləğində pul mükafatı verilir. Bir
neçə qalib olarsa, bu məbləğ onların arasında bərabər bölünür.
Mükafatı təqdim edən qurumun məlumatına görə, optogenetika
"canlı beyində ayrı-ayrı sinir hüceyrələrinin fəaliyyətini
aktivləşdirməyə və ya dayandırmağa imkan verir". Beynin
sirlərini açmaq üçün dünyanın müxtəlif laboratoriyalarında bu
üsuldan geniş istifadə olunduğu bildirilir.
İlk beş sahə üzrə Nobel mükafatı isveçli ixtiraçı və sənayeçi
Alfred Nobelin vəsiyyətinə əsasən təsis edilib. Birinci və İkinci
Dünya müharibələri dövründəki qısa fasilələr istisna olmaqla, bu
mükafatlar 1901-ci ildən bəri mütəmadi olaraq verilir.
İqtisadiyyat üzrə mükafat isə daha sonralar- 1968-ci ildə İsveçin
Mərkəzi Bankı (Riksbank) tərəfindən təsis olunub.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.