“0%-lik baryer elə majoritar sistem deməkdir.
Bütün majoritar bölgələrdə təxminən 12-13 000 səs lazımdır. 0%-lik
baryer şəraitində də bir deputat üçün eyni sayda səs
lazımdır”,
–
Parlamentin “Vahid Milli Hərəkat” partiyasından seçilmiş deputatı
Azər Süleymanov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi.
Azər Süleymanovun sözlərinə görə, 2020-ci ildə seçkilərin
proporsional sistemlə və 0%-lik baryerlə keçirilməsi yalnız
İvanişviliyə sərf edir. – “İvanişvili 2020-ci ildə də
Parlamentdə eyni tərkiblə olmaq üçün əlindən gələni
etdi”.
Deputat bildirdi ki, 0%lik baryerlə keçirilməsinə baxmayaraq, gələn
il Parlament seçkilərinin proporsional sistemlə keçirilməsi xalqın
qələbəsidir.
Konstitusiya islahatlarına əsasən proporsional sistemlə seçkilər
2024-cü ildə 5%-lik baryerlə keçirilməli idi. 2019-cu il iyun
aksiyalarının tələblərindən biri isə 2020-ci ildə keçiriləcək
Parlament seçkilərinin proporsional sistemlə keçirilməsi idi. 24
iyun tarixində “Gürcü Arzusu”nun siyasi şurası gələn il seçkilərin
proporsional sistemlə, lakin 0%-lik baryerlə keçirilməsi ilə bağlı
qərar qəbul etdi. İqtidar partiyası hələlik 2020-ci il Parlament
seçkilərinin nə üçün 0%-lik baryerlə keçirilməsi barədə açıqlama
verməyib.