Marneuli bələdiyyəsinin Aşağı Saral ictimai
məktəbində 16 yaşlı qızın nişanlanması faktı qeydə
alınıb.
Bu
haqda məlumatı "Marneuli" radiosuna həmin kəndin sakini verib.
Məktəb direktoru Nana Pakeliani bu məlumatı haradan bildiyimizə
təəccübləndi, ancaq faktı etiraf etdi və dedi ki, qız yay tətili
zamanı nişanlanıb və buna görə reaksiya göstərməyə ehtiyac
görmür.
“Müdaxilə edə bilmədim, həm də valideynləri dedilər ki,
məktəbi tamamlayacaq, nə deyəydim? Qız həmişəki kimi dərsə gəlir.
O, nişanlıdır, evlənəcəyi adamla yaşamır, qanunla dərsə gəlsə,
oxusa və məktəbi bitirsə, adi rejimdə attestat ala bilər. Tətildən
qayıdanda dedilər nişanlanıb. Məktəbə gəlir, evlənib getməyib, toy
olmayıb”, - Nana Pakeliani dedi.
Bu gün həddi-büluğa çatmamış şəxsin sinfində də olduq, qız dərsdə
deyildi. Dərsə gəlməmə səbəbi olaraq isə sinif yoldaşları ailə
işlərini qeyd etdilər.
Şagird – Bu gün gəlməyib müəllim.
Direktor – Dünən gəlmişdi?
Şagird – Bəli, müəllim.
Direktor – Bu gün niyə yoxdur,
gələcəkmi?
Şagird – Yox, işləyirlər.
Direktor – Harada işləyirlər,
tarlada?
Şagird – Bəli.
Nişanlı qızın sinfində siyahıda 11 şagird var. Biz sinif jurnalında
həddi-büluğa çatmamış qızın dərsdə iştirakını da yoxladıq. O, 16
sentyabrdan bu günə kimi 6 dəfə dərsdə olmayıb. Ancaq bugünkü
“qayıb”ı müəllim qeyd etməyib. Qeyd edilməlidir ki, onun çox yüksək
balları var. Məktəb direktoru təsdiq edir ki, belə hallar məktəbdə
tez-tez olmur və erkən evliliklər keçmişdə olurdu.
Xalq Müdafiəçisinin gender üzrə Kvemo Kartli üzrə regional
nümayəndəsi Mariam Qvidiani konkret hadisəni qiymətləndirmədi,
ancaq nişanlanma faktları ilə bağlı ümumi müzakirə etdi və dedi ki,
məktəblərdən müraciət etmə mexanizmi zəifdir.
“Nişanlanma bildiyimiz kimi, cinayət məcəlləsi ilə
cəzalandırılmır, ancaq Xalq Müdafiəçisi hesab edir ki, qızların
nişanlanması bir növ diskriminasiyadır və biz düşünürük ki,
nişanlanma hallarında da qızların müəyyən hərəkətləri
məhdudlaşdırılır. Onların başqa yerə getmək, qərar qəbul etmək kimi
hüquqları məhdudlaşdırıla bilər. Xalq Müadifəçisi hesab edir ki, bu
faktlar aradan qaldırılmalıdır”, - Mariam Qvidiani
dedi.
Mariam Qvidiani deyir ki, nişanlanma hallarına məktəb reaksiya
göstərməlidir.
“Biz hesab edirik ki, nişanlanma halları
araşdırılmalıdır və məktəb nişanlanma hallarına reaksiya
göstərməlidir, bu prosedura riayət etməlidir və şübhə olan halda
ki, uşaq məktəbə gəlmir, neçə gündür gözə dəymir və səbəbini
bilmiriksə, məktəb şagiridn vəziyyəti haqda məlumatlı ola bilər.
Əgər səbəb olaraq nişanlandığı aşkar olarsa, mütləq Sosial
Agentliyə müraciət etməlidir və əgər məcburiyyətin olması ilə bağlı
şübhə varsa, bu halda polisə də bildirməlidir”, -
Mariam Qvidiani dedi.
DİN-nin 2018-ci ilin 9 ayı ərzində olan göstəricisinə əsasən erkən
evliliklə bağlı ən yüksək göstərici Marneulidədir. Faktla bağlı
müraciət etməklə bağlı ən aşağı göstərici isə məktəblərdə qeydə
alınır (3%). Məktəb rəhbərliyi çox hallarda bu kimi məsələləri
gizlədir.
2016-cı ildən məktəblərdə uşaqların qorunması üçün müarciət etmə
mexanizmi qüvvədədir. Mexanizmin məqsədi ailədə və ondan kənarda
uşağın hər hansı zorakılıqdan qorunmasına, müraciət prosedurlarının
faydalı sistem olaraq formalaşdırılması yolu ilə dəstək olmaqdır.
Təhsil Nazirliyindən bildirirlər ki, əgər həddi-büluğa çatmamış
şəxs evlənirsə/nikaha daxil olursa, məktəb bu haqda Sosial Xidmət
Agentliyinə və Daxili İşlər Nazirliyinə bildirməyə məcburdur. Bu
faktların monitorinqini və statsitikasını artıq bir neçə ildir ki,
Təhsilin İdarəsi üzrə Məlumat Mərkəzi həyata keçirir.