Ədviyyatlar və onların faydaları
Mixək – Orqanizmə istilik verir, quruducu xüsusiyyətə malikdir.
Xörəkdə və çayda mixək ürəyi, mədəni, daxili üzvləri qüvvətləndirir, həzmi gücləndirir. Beyin üçün faydalıdır. Əhval-ruhiyyəni yaxşılaşdırır. Ağızdan gələn pis qoxunu aparır.
Mixək soyuqdəymə ilə əlaqədar olan bəlğəmli xəstəliklərdə, ürək döyüntüsü zamanı münasib hesab edilir. Burun tutulması və zökəm zamani əmgəyə mixək sürtmək faydalıdır.



Darçın
– Bədənə istilik verir və quruducu xüsusiyyətə malikdir. Sidikqovucu təsiri vardır. Təbiətən lətifdir. Orqanizmdə olan qazları özünə hopdurur. Yumşaldıcı xassəsi vardır. Əhval- ruhiyyəni yaxşılaşdırır. Darçın bədənin fiziki və mənəvi qüvvəsini saxlamağa kömək edir. Soyuqdəymə, zökəm, bəlğəmli öskürək, ürək döyüntüsü, qorxu və vasvasılıq, böyrək ağrısı, sidik ifrazının tutulması, qaraciyər xəstəlikləri hallarında profilaktika məqsədilə işlətmək münasibdir. Darçın səsi qəliz bəlğəmdən təmizləyir, nəfəs borusunda olan yapışqanlı rütubəti aparır. Ağızdan gələn pis qoxunu ləğv edir. Soyuqdəymə və sinir sistemi xəstəlikləri üçün münasib sayılır.

Darçın yağını bədənə sürtmək və masaj eləmək iflic və titrətmə zamanı faydalıdır. Ağır eşitmə zamanı arağını çəkib qulağa damcılatmaq münasibdir.



Zəfəran
– Bədənə istilik verir, quruducu xassəsi vardır. Əhval-ruhiyyəni olduqca yaxşılaşdırır. Diqqəti qüvvətləndirir, sidikqovucu təsirə malikdir, ağciyərləri və nəfəs yollarını möhkəmləndirir, qaraciyər və dalaq fəaliyyəti pozulması hallarında faydalıdır. Yuxugətirici xassəyə malikdir. Zəfəran ayrı-ayrı dərmanların təsirini bədənin orqanlarına daha tez çatdırır. Bal ilə zəfəran yemək böyrək daşı olan xəstələr üçün münasibdir. Onun başa qoyulan təpitməsi soyuqdan törənmiş baş ağrısı və yuxusuzluq üçün faydalıdır. Ancaq iştahanı zəiflədir, buna qarşı cirə və iskəcəbi işlətmək məsləhətdir.

Zəfəran yağı isidici və quruducu xassəyə malikdir. Sinir sistemini sakitləşdirir, yuxu gətirir. Onu almanın içini oyub oraya doldurur, difteriya, sətəlcəm və ürək döyüntüsü zamanı iyləyirlər.



Zəncəfil – Bədənə istilik verir, quruducu xassəyə malikdir. Həzmi gücləndirir, mədə və bağırsaqda toplanmış qazları özünə hopdurur, rütubəti qurudur, qaraciyər və mədəni möhkəmləndirir, yaddaş üçün faydalıdır. Soyuqdəymələrdə, iflic və sarılıq zamanı zəncəfil işlətmək profilaktik əhəmiyyətə malikdir.



Sarıkök
– Bədənə istilik verir. Qaraciyər fəaliyyəti pozulduqda və sarılıq hallarında faydalıdır. Sarıkökü çeynəmək diş ağrısını sakitləşdirir.



İstiot – Quruducu və həzm sürətləndirici xassəsi vardır. Zəhərlərə qarşı əks təsir göstərir.
İstiot işlətmək bəlğəmi kəsir, öskürək, təgənəfəslik üçün münasibdir. Mədə-bağırsaqlara qaz toplanması, sancı hallarında müsbət təsir göstərir. Xörəkdə istiot işlətmək hafizəni gücləndirir, qanı duruldur, qəliz yeməkləri lətifləndirir, onları isti saxlayır. Onu qaynadıb gülab ilə qarışığını başa sürtmək zökəmə qarşı faydalıdır. Ancaq çox istiot işlətmək böyrək, qaraciyər, daxili orqanların fəaliyyətinə və sidik yolları xəstəliklərinə ziyandır.



Hil – Bədənə istilik verir, quruducu xassəsi vardır. Həzmi yaxşılaşdırır, ürəyi və mədəni möhkəmləndirir, əhvali-ruhiyyəni yaxşılaşdırır. Tər iyini aparır, ağız qoxusunu ətirli edir. Hil işlətmək mədə xəstəliyi, ürəkbulanma, qaraciyər ağrısı, böyrək daşı zamanı münasibdir. Onu toz halında buruna çəkərək asqırmaq müxtəlif səbəbdən törənmiş baş agrılarını sakitləşdirir.



Dəfnə yarpağı – Suda qaynatdıqdan sonra sirkə ilə qatıb ağızı qarqara etmək diş ağrısını sakitləşdirir. Onun tumlarını işlətmək yaddaşı gücləndirir, təngənəfəslik və öskürək üçün faydalıdır. Mədədə və bağırsaqlarda qəliz qazların toplanması, sancı, qulunc, qaraciyər və böyrək xəstəliklərinə, dalaq, bel və oynaqlarda olan ağrılara qarşı müalicə əhəmiyyəti daşıyir. Dəfnə toxumunun yağı damarları genişləndirir, sinir sistemi fıaliyyəti üçün münasibdir, sulu zökəmə qarşı faydalıdır.



Print Email
FaceBook Twitter Google