Qeyri-insani və alçaldıcı rəftara görə günahlandırılan Marneulinin keçmiş meri  əhaliyə hüquqi yardım təklif edir

Marneulinin keçmiş meri Temur Abazov dünən, 20 oktyabr tarixində öz Facebook səhifəsində paylaşım edib və paylaşımda o, hüququ pozulan adamlara yardım təklif edir.

Nəyin əsasında vətəndaşlara yardım təklif edir bunu müəyyənləşdirmək üçün onunla telefon müsahibəsi yazdıq. Abazovun dediyinə görə adamlar çox hallarda müxtəlif məsələlərlə bağlı hansı müəssisəyə müraciət edəcəyini bilmir.

“Yardım deyəndə onu nəzərdə tutmuşam ki, əhaliyə qarşı qeyri-qanuni və ya hansısa rüşvətxorluq halları olarsa sadəcə mən onlara hansı struktura müraciət edəcəkləri ilə bağlı məsləhət verə bilərəm. Elə hallar olur ki, mənə müraciət edirlər və öz təcrübəmdən dolayı məsləhət verirəm ki, hara müraciət edə bilərlər”, - Temur Abazov dedi.

Abazov paylaşımı Azərbaycan dilində yazıb:



“Əziz dostlar! Son vaxtlar mənə problemləri olan insanlar çox yazır və onlara qarşı qeyri-qanuni işlər aparıldığını deyirlər. Sizə kömək etmək mənim üçün xoşdur. Kimsə sizə qarşı qanunsuz şəkildə davranarsa, mənə yazın. Mən hər kəsə qanun çərçivəsində kömək etməyə həmişə hazıram. Hər kəs qanun çərçivəsində işləməli və “Gürcü Arzusu”nun əleyhinə getməməlidir, əgər əleyhinə gedən varsa, buyurun mənə bildirsin. Mən də hələlik bir vətəndaş kimi indiyədək və indən belə də sizin qulluğunuzda olmağa hazıram. Sizlər məni çox yaxşı tanıyırsınız və bilirsiniz ki, mən sizləri çox sevirəm. Bilin ki, sizlərə kömək etmək mənim üçün çox xoşdur və həmişə xoş olacaq”, - Temur Abazovun paylaşımında yazılıb.

Abazovdan niyə “hamının qanun çərçivəsində işləməli olduğuna və “Gürcü Arzusuna” qarşı çıxmamasına” aksent etdiyini soruşduqda belə cavab verdi:

“Bu kimi hərəkətlər iqtidar partiyası tərəfindən olsa belə mən kömək edəcəm. Ona görə ki, əgər hansısa qeyri-qanuni hadisə baş verirsə hesab edək ki, “Gürcü Arzusuna” “vururlar”. Ola bilər əhalidə belə təəssürat yaransın ki, “Gürcü Arzusunda” kimsə, dövlət məmuru, qeyri-qanuni çalışır”, - Temur Abazov dedi.

Qeyd edək ki, Temur Abazov 2017-ci ildə keçirilmiş yerli özünüidarə seçkilərində Marneuli meri seçilmişdi. O, bu vəzifədə cəmi 8 ay qala bildi. 2018-ci il, 14 iyun tarixində o, Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı rəftar ittihamı ilə saxlanılmışdı. Abazov girov qarşılığında azadlığa buraxılsa da, hadisə ilə bağlı istintaq hələ tamamlanmayıb.

 

Print Email
FaceBook Twitter Google