“Biz arxitektorlarla danışıqlar aparırıq ki, bu problem həll olunsun” – Marneuli meri meriyanın adaptasiya olunmamış binası ilə bağlı
Marneuli meriyasının binası fiziki imkanları məhdud şəxslər üçün uyğunlaşdırılmayıb. Əlil arabası ilə hərəkət edən şəxslər binanın yalnız birinci mərtəbəsinə daxil ola bilirlər. Əlil arabasından istifadə edən şəxslər meriyanın xidmət və şöbələrinin əksəriyyətinin yerləşdiyi və Bələdiyyə Məclisinin iclaslarının keçirildiyi ikinci və üçüncü mərtəbələrdə çıxa bilmirlər, çünki bələdiyyə binasında nə pandus, nə də lift var.

Marneuli meri bu gün, 17 yanvarda bələdiyyənin 2020-ci il sosial proqramlarını təqdim edib. Mer görüşdə fiziki imkanları məhdud şəxslər üçün müxtəlif xidmətlərin təqdim olunmasından danışıb.

“Marneuli” radiosunun meriyanın binasının fiziki imkanları məhdud şəxslər üçün uyğunlaşdırlmaması ilə bağlı sualına mer cavab verib ki, onlar bu məsələ ilə bağlı düşünürlər.

“Binaların infrastrukturu illər əvvəl qurulub, bu quruluş fiziki imkanları məhdud şəxslərin ikinci mərtəbəyə çıxmasına imkan vermir. Biz arxitektorlarla danışıqlar aparırıq ki, bu problem həll olunsun”, – Zaur Darğallı bildirib.

Marneuli meri onu da qeyd edib ki, yeni tikilmiş və tikintidə olan binalar fiziki imkanları məhdud şəxslər üçün tam uyğunlaşdırılacaq.

Bələdiyyənin 2020-ci ilin sosial proqramlarının təqdimatı Marneuli kitabxanasında baş tutub, çünki meriyanın binasında olan bütün konfrans və iclas zalları ikinci və üçüncü mərtəbələrdə yerləşir.

Print Email
FaceBook Twitter Google