Gürcüstanda azərbaycanlı şəhidlərin xatirəsinin əbədiləşdirilməsi
məqsədi ilə bir sıra küçələrə onların adları verilib.
Bu sözləri Tbilisidə 20 Yanvar – 9 Aprel hadisələri mövzusunda
“Müstəqilliyə aparan yol: Azərbaycan-Gürcüstan” adlı rəsm və inşa
müsabiqəsi Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev dedi.
Faiq Quliyevin sözlərinə görə, Gürcüstan vətəndaşı olan
azərbaycanlılar da 20 yanvar faciəsinin qurbanı olub və onların
xatirəsi hər il ehtiramla yad edilir. O vurğulayıb ki, Gürcüstanda
azərbaycanlı şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə
bir sıra küçələrə onların adları verilib.
Faiq Quliyev onu da qeyd edib ki, gələcəkdə də Gürcüstan vətəndaşı
olan azərbaycanlıların adlarının əbədiləşdirilməsi istiqamətində
Gürcüstan tərəfi ilə işçi əməkdaşlıq formatında fəaliyyətlər davam
etdiriləcək:
“Bu istiqamətdə Faxralı və Marneulidə
küçələrə şəhidlərin adları veriləcək, büstlər, xatirə lövhələri
quraşdırılacaq və bütün bu məsələlər yerli icra hakimiyyəti
orqanları ilə işçi əməkdaşlıq formatında həllini tapacaq. Həm 9
Aprel, həm də 20 Yanvar şəhidlərinin xatirələrinin
əbədiləşdirilməsi istiqamətində paralel iş
aparılmalıdır”.
Səfir bildirib ki, qısa müddətdə həm Gürcüstan xalqına, həm də
Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə beynəlxalq
səviyyədə hüquqi siyasi qiymət veriləcək və səbəbkarlar
cəzalandırılacaq.
Tədbirdə iştirak edən Gürcüstan xarici işlər nazirinin müavini
Aleksandr Qvitsiaşvili də tədbirin əhəmiyyətini vurğulayıb. O qeyd
edib ki, həlak olan şəxslərin göstərdiyi böyük fədakarlıq sayəsində
hər iki dövlət müstəqillik əldə edib. Nəticədə bu hadisələr
ölkələrin müstəqilliyinin simvoluna çevrilib. Nazir müavini qeyd
edib ki, Gürcüstan Azərbaycanı tarixi dost kimi qəbul edir və
əlaqələrin bu səviyyədə olması məmnunluq verir.
Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən
təşkil olunan müsabiqədə Gürcüstan vətəndaşı olan 15 yaşdan yuxarı
52 gürcü və azərbaycanlı müəllif iştirak edib.
Həm rəsm, həm də inşa istiqamətində ümumilikdə 6 qalib
müəyyənləşib, onların hər birinə diplom təqdim olunub. Bundan
başqa, müsabiqə iştirakçılarının hər birinə sertifikat təqdim
olunub, 40 nəfərə isə təşəkkürnamə verilib.
Mənbə: apa.az