Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın Ətraf
Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri Levan Davitaşvili ilə
görüşüb.
Bu barədə “Marneuli” radiosuna Azərbaycan Gürcüstandakı
səfirliyindən məlumat verilib.
Görüşdə iki ölkə arasında kənd təsərrüfatı, qida təhlükəsizliyi və
ekologiya sahəsində sıx əməkdaşlıq əlaqələrinin qurulduğu, bu
sahələrdə yeni layihələrin icrası və müqavilələrin imzalanmasının
təşviqi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin
əhəmiyyəti vurğulanıb.
Həmçinin, iki ölkə arasında ikitərəfli ticarətdə qeyri-neft
məhsullarının çəkisinin artırılması, kənd təsərrüfatı məhsullarının
istehsalı və emalı, eləcə də, bu sahədə sərmayə yatırımlarının
təşviqi imkanları müzakirə olunub. Eyni zamanda, görüşdə Qafqazda
vəhşi təbiətin bərpası və biomüxtəlifliyin qorunması, trans-sərhəd
çayların, o cümlədən Kür çayı hövzəsi sulardan səmərəli istifadə
sahəsində əməkdaşlıq edildiyi və bu sahədə hüquqi bazanın
təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Habelə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən
Gürcüstanda sosial-iqtisadi sahələrdə həyata keçirilən
layihələrdən, xüsusilə COVID-19 pandemiyası dövründə Gürcüstanda
yerli fermerlərə dəstək üçün icra edilən aqrodizel layihəsindən
məmnunluq ifadə edilib. Görüşdə həmçinin, Gürcüstanda torpaq
sahəsində həyata keçirilən islahatlar, o cümlədən Meşə Məcəlləsinə
dəyişikliklərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.
Tərəflər iki ölkə arasında kənd təsərrüfatı və ətraf mühit
sahələrində ikitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Türkiyə və
Gürcüstan arasında üçtərəfli əməkdaşlıq üçün böyük potensialın
olduğunu, fındıq istehsalı və digər sahələrdə bir sıra mühüm
layihələrin icra olunduğu qeyd ediblər.