“Azərbaycan və Gürcüstanın azadlıq mübarizəsi: 20 Yanvar və 9 Aprel faciələrinin səbəbləri, fəsadları və ortaq dəyərləri” mövzusunda onlayn formatda görüş keçirilib
25 yanvar tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşəbbüsü ilə “Azərbaycan və Gürcüstanın azadlıq mübarizəsi: 20 Yanvar və 9 Aprel faciələrinin səbəbləri, fəsadları və ortaq dəyərləri” adlı onlayn formatda görüş keçirilib.

Bu barədə “Marneuli” radiosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, tədbirdə 15-ə qədər Gürcüstanlı ekspert iştirak edib. Tədbir iştirakçılarına müraciət edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Azərbaycan və Gürcüstanın tarixi bağlılığı, o cümlədən xalqların taleyinə oxşar faciələrin nəsib olunduğunu vurğulayaraq, “Qanlı Yanvar” hadisələrinin səbəbləri, mahiyyəti və tarixi nəticələri barədə ətraflı məlumat verib.

Səfir Azərbaycan xalqına qarşı törədilən cinayətin siyasi və hüquqi qiymətin verilməsində Heydər Əliyevin oynadığı rolunu xüsusilə qeyd edib. Görüşdə Quliyev şəhidlərin qanı bahasında əldə edilmiş hər iki ölkənin müstəqilliyi dövründə Azərbaycan və Gürcüstanın tarixi mehriban qonşuluq münasibətlərinə sadiq qalaraq, onların strateji tərəfdaşlıq səviyyəsinə qaldırdığı və bu tərəfdaşlığın sayəsində Cənubi Qafqaz bölgəsinin yeni simasının yaradıldığını söyləyib.

Gürcüstanlı ekspertlər öz çıxışlarında ölkələrin keçmişdə və hal-hazırda qarşılıqlı şəkildə bir-birini dəstəklədiyini bildirərək, gələcəkdə də hər iki dövlətin və bütövlükdə bölgənin maraqlarına xidmət edən bu strateji tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi haqda söhbət açıblar.

Onlar Heydər Əliyev və Eduard Şevardnadzenin iki ölkənin əlaqələrindəki rolundan danışaraq, bu gün də dövlət və hökumət başçıları arasında sıx əməkdaşlığın davam etdiyini bildiriblər.

Bundan əlavə bir sıra gürcüstanlı ekspertlər Azərbaycan xalqının 44 günlük müharibədə əldə etdiyi qələbə münasibəti ilə təbrik ediblər.

Tədbirin sonunda Azərbaycan və Gürcüstanın gələcəkdə də əlaqələrin inkişaf etdirilməsinə dair əminlik ifadə olunub.

Print Email
FaceBook Twitter Google