Gürcüstanın ədliyyə naziri Qoça Lortkipanidze Azərbaycanın bu
ölkədəki səfiri Faiq Quliyevi qəbul edib.
Bu barədə Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib.
Q.Lortkipanidze Azərbaycan səfirinə yeni vəzifədə uğurlar arzu edib
və əməkdaşlığa ümidvar olduğunu qeyd edib.
F.Quliyev öz növbəsində Q.Lortkipanidzeni ədliyyə naziri vəzifəsinə
təyinatı münasibətilə təbrik edib.
Səfir Gürcüstan və Azərbaycan arasında hüquqi sahədə əməkdaşlığın
daha da səmərəli olacağına ümid etdiyini bildirib. Onun sözlərinə
görə, bunun üçün ölkələr arasında ədliyyə, nəqliyyat, ticarət,
energetika və turizm sahələrində mövcud sıx və fəal əməkdaşlıq
zəmin yaradır.
Nazirlikdən qeyd olunub ki, Gürcüstan və Azərbaycan arasında hüquqi
əməkdaşlıq 1993-cü ildən etibarən Minsk konvensiyası çərçivəsində
həyata keçirilir. Bununla yanaşı, ölkələr arasında 1997-ci ildə
ikitərəfli saziş imzalanıb. 2000-ci ildə iki ölkə arasında
imzalanmış Anlaşma haqqında memorandumla informasiya və hüquqi
islahatlar sahəsində təcübə mübadiləsi aparılır.
Mənbə: report.az