Azərbaycan və Yaponiyanın Gürcüstanla əməkdaşlığının inkişafı müzakirə olunub
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev yaponiyalı həmkarı
İmamura Akira ilə görüşüb.
Bu barədə diplomatik nümayəndəlikdən bildirilib.
F.Quliyev həmkarını Gürcüstanda missiyasının başlaması münasibətilə
səmimi qəlbdən təbrik edib, ona uğurlar diləyib. O, son müddət
ərzində bölgədə cərəyan edən proseslər üzərində dayanaraq təqribən
30 il boyunca ölkəmizə qarşı davam edən təcavüzə, torpaqlarımızın
işğalına son qoyulmasının, ərazi bütövlüyümüzün bərpa olunmasının
nəinki təkcə Azərbaycan, bütün region üçün müsbət dəyişikliklərə
gətirəcəyini bildirib.
İ.Akira öz tərəfindən Yaponiya ilə Azərbaycan arasında inkişaf edən
münasibətlərin hər iki xalqın və ümumiyyətlə, bölgənin tərəqqisinə
xidmət etdiyini vurğulayıb. O, Cənubi Qafqazın Şərq-Qərb nəqliyyat
dəhlizində oynadığı mühüm rol üzərində dayanaraq Yaponiya tərəfinin
bu imkanlardan faydalanmasında maraqlı olduğunu təsdiq edib.
Bu xüsusda, Azərbaycanla Yaponiya arasında bərqərar olunmuş uğurlu
qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin, eləcə də hər iki
ölkənin Gürcüstanla əməkdaşlığının daha da inkişaf etdirilməsi
barədə fikir mübadiləsi aparılıb. Bölgədə yaradılan yeni
reallıqların bu əməkdaşlığa yeni təkan verə biləcəyinə dair əminlik
ifadə edilib.
Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam
etdiriləcəyi ilə bağlı razılıq əldə ediblər.