Dini İşlər üzrə Dövlət Agentliyinin nümayəndələri Bütün Gürcüstan Müsəlmanları İdarəsinin əməkdaşları ilə görüşüb
Bu gün, 26 yanvar tarixində Dini İşlər üzrə Dövlət Agentliyinin sədri və nümayəndələri Bütün Gürcüstan Müsəlmanları İdarəsinin əməkdaşları ilə görüş keçirib.

Bu barədə məlumatı Bütün Gürcüstan Müsəlmanları İdarəsi yayıb.

Məlumata görə, Dini İşlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadze, Agentliyin sədr müavini Qoqa Ukleba və Agentliyin digər əməkdaşları Bütün Gürcüstan Müsəlmanları İdarəsini Şərqi Gürcüstan üzrə yeni seçilmiş müftisi Etibar Eminovu yeni vəzifəyə seçilməsi münasibəti ilə təbrik ediblər və ona gələcək dini fəaliyyətlərində uğurlar arzulayıblar.

Müfti də öz növbəsində qonaqlara təşəkkür edərək, gələcək planları haqqında məlumat verib və qurumla əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Görüş zamanı agentliklə birgə həyata keçirilən layihələr də dəyərləndirilib və ölkədəki mövcud dini problemlərin həlli yolları müzakirə olunub.

Görüşdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidovda iştirak edib.

Qeyd edək ki, 21 dekabr tarixində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə yeni müftisinin seçilməsi üçün növbədənkənar seçkilər keçirilib. Keçirilən seçkilərdə Ali Dini Şuranın tam tərkibinin qərarı ilə Şərqi Gürcüstan üzrə yeni Müfti vəzifəsinə Etibar Eminov seçilib. O, bu vəzifəni 5 il müddətinə icra edəcək. Etibar Eminov 1975-ci ildə Marneuli bələdiyyəsinin Daştəpə kəndində anadan olub. O, Marneulinin Şulaver qəsəbəsindəki rusdilli orta məktəbi bitirib. Dini təhsilini Türkiyə Respublikasının İstanbul şəhərində Elim və Hizmət, İlahiyyat adlı dini mətkəbdə alıb. Tədris dönəmində 1 il müddətində Suriyada praktikada olub. Marneulinin Xuldərə kəndindəki məscidin imamı vəzifəsində çalışıb. O, Sadaxlıda mədrəsə təsis edib və bu günədək oraya rəhbərlik edir. O, həmçinin Marneuli Bələdiyyəsinin müftüsü olub. 2016-cı ildən bu günədək müftünün Kvemo-Kartli bölgəsi üzrə nümayəndəsi vəzifəsini icra edib.

Onu da əlavə edək ki, 26 sentyabr tarixində Yasin Əliyev səhhətində yaranan problemə görə Bütün Gürcüstan Müsəlmanları İdarəsini Şərqi Gürcüstan üzrə müfti vəzifəsindən istefa etmişdi.

Print Email
FaceBook Twitter Google