“Xocalıdan qaçıb canlarını birtəhər qurtaran insanların
görkəmi bu günə qədər gözümün önündən getmir”.
Bu sözlərimüsahibəsində Gürcüstanın Marneuli rayonunun sakini,
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ağdamda qonaq olan 70
yaşlı Aqnet Çıldırlı deyib.
Ağsaqqal 29 il bundan öncə şahidlik etdiyi hadisələri gözüyaşlı və
həyacanla xatırlayır:
“Fevralın 26-da səhərə yaxın
qonaq qaldığım ailənin evinə Xocalıdan olan qohumları gəldilər.
Onlar Xocalının yerlə yeksan edildiyini, sakinlərinin isə qırğına
məruz qaldığını dedilər. Ağdamlıların hamısı köməyə qaçdılar. Mən
də onlara qoşuldum”.
A.Çıldırlının sözlərinə görə, Xocalıdan piyada gələnlərin hamısı
başıaçıq, ayaqyaqlın, əlləri və ayaqları donmuş halda idi:
“Onlar halsızlıqdan nə yeriyə, nə də danışa bilirdilər.
Ağdama pənah gətirən xocalılardan biri erməni silahlılarından necə
gizləndiyini danışdı. O dedi ki, körpünün altında gizlənəndə
yaxınlıqdan keçən tankın üstündə olan hərbçilər bir-biriləri ilə
rusca danışırdılar”.
Xocalı şahidi yaralıların maşınlarla çatdırıldığı Ağdam
xəstəxanasındakı ağır vəziyyəti də təsvir edib:
“Xəstəxana yaralı qadın, uşaq və yaşlı insanlarla dolu
idi. Hətta dəhlizlərdə xəstə əlindən tərpənmək olmurdu. Həkimlər də
çatdırmırdı. Tibbi yardım göstərmək üçün həkim olmayan insanları da
köməyə çağırırdılar”.
Onun sözlərinə görə, Xocalıdan sonradan gətirilən meyitlər tanınmaz
halda idilər, birinin bir gözü, digərinin üzünün yarısı yox
idi.
Şahid həyat yoldaşının qohumlarından bir neçə nəfərin Xocalıda
həlak olduğunu qeyd edib:
“Qohumlarımız arasında elə
ailə var ki, beş üzvü həmin qanlı gecədə qətlə yetirilib, əsir
düşənlər də olub”.
E.Çıldırlı deyib ki, Xocalı qırğını xüsusi amansızlıq və
qəddarlıqla törədilib: “Bu qətliam insanlığa sığmayan vəhşilik və
terror aktıdır. Soyqırımdan 29 il ötsə də, o dəhşətli günün
ağrı-acısı heç vaxt unudulmur”.
Mənbə: report.az