Martın 19-dan Azərbaycanın aşağıbüdcəli aviaşirkəti "Buta Airways"
Gürcüstanın paytaxtı Tbilisiyə və əks istiqamətdə xüsusi reyslər
həyata keçirəcək.
Qeyd olunan marşrut üzrə uçuşlar həftədə üç dəfə – çərşənbə axşamı,
cümə və bazar günlərində olacaq.
Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan
məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri
yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super".
Belə ki, "Standart" tarifinə (55 avrodan başlayaraq) çəkisi 10
kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən
böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir.
"Super" tarifinə (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq
olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan
qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və
ölçüləri üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın
daşınması daxildir.
Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında
qeydiyyat opsiyaları daxildir.
Bakı-Tbilisi-Bakı marşrutu üzrə reys üçün biletləri (“Super” və
“Standart” tarifləri üzrə) aviaşirkətin www.butaairways.az rəsmi
saytında əldə etmək mümkündür. Biletləri həmçinin aviaşirkətin
rəsmi agentliklərindən də əldə edə bilərsiniz (yalnız "Super"
tarifi üzrə).
Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı
Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət
göstəriləcək.
Mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan
sərnişinlər kateqoriyası daşımaya qəbul olunacaq.
Bakı-Tbilisi istiqaməti üzrə reysin sərnişinləri:
- Gürcüstan ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya
dövründə Gürcüstana giriş qaydaları ilə aviaşirkətin saytında
aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz
https://www.butaairways.az/az/covid/georgia
- koronavirus infeksiyasının olmaması barədə tibbi arayış
almalıdırlar (ingilis dilində). Azərbaycanda koronavirus
infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı
aviaşirkətin saytında dərc edilmişdir:
https://www.butaairways.az/az/covid/clinics.
Tbilisi-Bakı istiqaməti üzrə reysin sərnişinləri:
- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını
yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin
siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola
bilərsiniz:
https://www.butaairways.az/az/covid/azerbaijan.
- Synevo laboratoriyasının filiallarından birində koronavirus
infeksiyasının olmaması barədə arayış almalıdırlar və ya QR-kod
qeyd olunan COVID-19-a dair PCR-testinin mənfi nəticəsi barədə
arayış təqdim etməlidirlər (QR-kodun həqiqiliyi qeydiyyat
masalarında yoxlanılacaq).
Tərəfdaş klinikaların şəbəkəsi genişləndikcə siyahı daha da
artacaqdır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən,
Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində
özünütəcrid şəraitində qalmalıdırlar.
Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin
nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin
olmalıdırlar.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə
və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri
qarşılayan və yola salan vətəndaşlar terminal binasına
buraxılmayacaq.
“Buta Airways” “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin tərkibinə
daxil olan struktur bölmədir, 2016-cı il dekabr ayında təsis
edilib. İlk reys 1 sentyabr 2017-ci il tarixində baş tutub.
Aviaşirkətin donanması “Embraer” tipli müasir hava gəmilərindən
ibarətdir. Aviaşirkət Bakı şəhərində, Heydər Əliyev Beynəlxalq
Aeroportunda yerləşir.
Mənbə: report.az