8 kəndin sakinləri Bolnisi şəhərinə getmək üçün Qoçulu kəndinin
ərazisində yerləşən yeganə körpüdən istifadə edirlər. Keçmişdə
tikilən körpü ensiz olduğu üçün avtomobillərin hərəkətinə çətinlik
yaradır.
Bundan başqa, körpünün bir tərəfi sərt döngə olduğundan qarşıdan
gələn avtomobilləri görmək olmur, bu da sürücülər üçün təhlükə
yaradır.
Həmin körpü Bolnisi bələdiyyəsinin ərazisindən keçən Maşavera
çayının üzərində yeriləşir. Bu yoldan gün ərzində Qoçulu,
İmirhəsən, Faxralı, Cəfərli, Saraçlı, Molla Əhmədli, Yuxarı
Qoşakilsə və Aşağı Qoşakilsə kəndlərinin sakinləri istifadə
edirlər. Sakinlərin rayon mərkəzinə getməsi üçün başqa yolları
yoxdur.
Qoçulu sakinlərinin dediyinə görə, körpü qədimidir, bundan başqa
ensiz olduğu üçün istər maşınların, istərsə də piyadaların
hərəkətinə çətinlik yaradır.
Qoçuluların bildirdiyinə görə, bu ərazidə tez-tez qəzalar baş
verir. Buna görə də, yeni körpünün inşa edilməsi üçün dəfələrlə
aidiyyəti orqanlara müraciət ediblər. Yerli hakimiyyət isə seçki
öncəsi sakinlərə söz verib ki, yaxın vaxtlarda yeni körpü inşa
ediləcək. Amma bu günə qədər körpü tikilməyib.
Bolnisi meriyasının Məkan Quruculuğu və İnfrastruktur Xidmətinin
rəhbəri Konstantine Kordzadze “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, qeyd olunan körpü həqiqətən də qəzalı vəziyyət
yaradır, ancaq mədəni abidə statusu olduğuna görə, körpünün bərpası
indiki mərhələdə mümkün deyil.
“Biz ötən il layihəyə görə tender də elan etmişdik ki,
həmin körpünü bərpa edək. Belə planlaşdırmışdıq, ancaq tenderdə
qalib gələn şirkət alternativ yol təklif etdi. Yeni körpü inşa
edəcəkdilər. Yəni burada Çapala körpüsünün yanında yeni körpünün
inşası ilə bağlı layihə təklif etdilər. Bu isə kifayət qədər böyük
xərc tələb edir. Təəssüf ki, indiki mərhələdə körpünün inşası üçün
yetərli pul yoxdur. Köhnə körpünü isə bərpa edə bilmərik. Çünki
tarixi abidə statusu var”, – Konstantine Kordzadze
bildirdi.
Bolnisi meriyasının Məkan Quruculuğu və İnfrastruktur Xidmətinin
rəhbərinin sözlərinə görə, kəndləri birləşdirən yeganə körpünün
bərpası yeni körpü tikilənə qədər həyata keçirilməyəcək. Bu il
Bolnisi yerli özünüidarəsi körpünün tikintisinə başlaya bilməyəcək.
Ancaq Kordzadze ümid edir ki, 2022-ci ildə körpünün inşasına
başlamaq mümkün olacaq.