Gürcüstanın “Pirveli” televiziya kanalı ötən gün hakim Gürcü Arzusu
Partiyasının keçmiş sədri Bidzina İvanişvilinin oğlu Bera
İvanişvili və baş nazir İrakli Qaribaşvilinin təxmin edilən telefon
danışığının səsyazısını yayıb.
Yazıda B.İvanişvili İ.Qaribaşvilidən feysbuk sosial şəbəkəsində
mənfi şərhlər yazan məktəblinin cəzalandırılmasını tələb edir.
Süjetdə iddia olunub ki, yazıda Gürcüstanın Dövlət Təhlükəsizliyi
Xidmətinin rəhbəri Anzor Çubinidze də yer alıb.
Gürcüstanın müxalifət partiyaları audioyazının təqdim olunmasından
sonra baş nazirin istefasını tələb ediblər. Avropalı Gürcüstan
Partiyasının lideri Gigi Uqulava bildirib ki, növbədənkənar
seçkilərə qədər İ.Qaribaşvili istefa verməlidir. Lelo Partiyası
bəyanat yayaraq audioyazı ilə bağlı araşdırmanın aparılması və
hökumət başçısının istefasını tələb edib.
Hakim partiyanın parlamentdəki fraksiyasının sədri Mamuka
Mdinaradze səsyazısını saxta adlandıraraq bildirib ki, yazı
“KQBsayağı” montaj olunub.
Gürcüstan ombudsmanı Nino Lomcariya audioyazı ilə bağlı təhqiqat
aparmağa çağırıb.
Mənbə: report.az