İkinci Qarabağ müharibəsi şəhidi Qənbərov Bilal Xanlar oğlunun
xatirəsi Gürcüstannın Bolnisi rayonunun Naxiduri (Arıxlı) kəndində
əbədiləşdirilib.
Arıxlı kənd sakinlərinin təşəbbüsü ilə şəhidin xatirəsinə yeni
artezian quyusu qazılıb və 1.5 km. uzunluğunda su xətti çəkilərək
təxminən 100 ailə içməli su ilə təmin edilib.
Şəhidin abidəsinin açılışında Azərbaycanın Gürcüstandakı
səfirliyinin 1-ci katibi Anar Rəsulov, həmçinin Hərbi Attaşelik
Aparatının zabitləri iştirak edib.
Qeyd edək ki, şəhid Bilal Qənbərov 1993-cü il sentyabrın 29-da Bakı
şəhərində anadan olub. 2000-2011-ci illərdə Səbail rayonunun E.
Əliyev adına 162 nömrəli tam orta məktəbində təhsil alıb. O,
2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan
rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi
xidmətdə olub.
Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzulinin və Şuşanın
azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Bilal Qənbərov
noyabrın 3-də Şuşa döyüşləri zamanı şəhid olub. O, Səbail rayonunun
Badamdar qəsəbəsində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli
Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi
uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün Bilal Qənbərov ölümündən sonra "Vətən uğrunda"
medalı ilə,
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan
döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş
etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci
il tarixli Sərəncamına əsasən Şuşanın azad olunmasına görə" medalı
ilə təltif edilib.
Bilal Qənbərovun bir qızı yadigar qalıb.
Mənbə: apa.az