Faxralı kəndinin sakinləri içməli su problemindən şikayətlənirlər (VİDEO)
20:50 / 09.06.2021
Bolnisi rayonunun Faxralı (Talaveri) kəndinə 2020-ci ildə içməli su
çəkilsə də, sakinlər yenə də su problemindən şikayət edirlər.
Kənd sakinlərinin sözlərinə görə, içməli su ehtiyaclarını
qarşılamaq üçün uzun məsafə qət edərək kəndin digər küçələrində
yerləşən bulaqlardan su gətirməli olurlar.
Onların dediyinə görə, bulaqdan su günorta saatlarına kimi gəlir.
Günün qalan saatlarında isə sakinlər susuz qalır və növbəti gün
suyun gəlməsini gözləyirlər.
Faxralı və İmirhəsən kəndinin İcra nümayəndəsi Novruz Ayvazov
“Marneuli” radiosu ilə söhbəti zamanı məsələdən xəbərdar olduğunu
bildirdi. O, həmin küçədə illərdir ki, içməli suyun olmadığını
dedi. Ayvazov qeyd etdi ki, yeni su quyusunun qazılması layihəsi
planlaşdırılır. Layihə həyata keçirildikdən sonra həmin küçədə
yaşayan 100-dən çox ailənin içməli su problemi həll olunacaq.
Novruz Ayvazov bildirdi ki, 2020-ci ildə kənddə yeni su quyusu
qazılaraq əhalinin istifadəsinə verilib. Hal-hazırda həmin su
quyusu 200-dən çox ailənin suya olan ehtiyacını təmin edir.