Marneuli meriyası kəndlərdə yolların tikintisi üçün 79 723 lari dəyərində iki sadələşdirilmiş müqavilə bağlayıb
Marneuli yerli özünüidarəsi beş kənddə daxili yollara çınqıl tökülməsi və bir kəndə gedən yola beton qatının çəkilməsi üçün “Amirani” MMC ilə 79 723 lari dəyərində iki sadələşdirilmiş müqavilə bağlayıb.

Gürcüstan hökumətinin sərəncamına müvafiq olaraq bələdiyyələrin kəndə dəstək proqramı çərçivəsində layihələrin həyata keçirilməsi üçün sadələşdirilmiş qaydada müqavilə bağlamaq səlahiyyəti var. Kəndlərdə daxili yollara çınqıl tökülməsi və beton yolun çəkilməsi məhz kəndə dəstək proqramı çərçivəsində həyata keçirilir.

Birinci sadələşdirilmiş tenderə əsasən, bələdiyyə Beytarabçı, Xuldərə və Qudro kəndlərində daxili yollara çınqıl tökmək üçün “Amirani” MMC-yə 39 756 lari 54 tetri ödəyəcək. Beytarabçı kəndində daxili yollara çınqıl tökülməsi üçün 15 122 lari ayrılıb. Xuldərə kəndi üçün 15 121 lari, Qudro üçün isə 9 513 lari 54 tetri ayrılıb.

Meriya ikinci sadələşdirilmiş müqaviləyə əsasən isə Canxoş kəndinə gedən yola beton qatının çəkilməsi, Xancığazlı və Brdazor kəndlərində daxili yollara çınqıl tökülməsi işləri üçün “Amirani” MMC-yə 39 967 lari 20 tetri ödəyib. Canxoş kəndi üçün mərkəzi və yerli büdcədən 19 226 lari ayrılıb, Xancığazlı kəndinə 11 260, Brdazor kəndinə isə 9 480 lari ayrılıb.

Müqaviləyə görə, şirkət 60 gün ərzində öhdəliyini yerinə yetirməlidir.

Print Email
FaceBook Twitter Google