Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixeil Saakaşviliyə
dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı ittiham irəli sürüb.
İttihamda siyasətçinin ölkəyə daxil olma marşrutu göstərilib.
İstintaq çərçivəsində müəyyən olunub ki, sentyabrın 28-də saat
təxminən 23:00-da Poti limanına Ukraynanın Çernomorsk limanından
“Vilnüs” adlı gəmi daxil olub.
Sentyabrın 29-da saat 01:04-də gəmidən “IKA TRANS Ltd.” şirkətinə
məxsus süd məhsulları ilə yüklənmiş qoşqulu SCANIA yük maşını
çıxıb. Avtomobil əvvəlcə körpüdə dayanıb, qeydiyyatdan öncə gözləmə
zonasında olub və buradan 01:44-də çıxışa yollanıb. Bir neçə on
metr hərəkət edəndən sonra saat 01:47-də Poti limanı ərazisində yük
maşını saxlanılıb və sürücü maşının arxa qapısına istiqamətlənib,
oradan saat 01:49-da Mixeil Saakaşvili yük maşınının kabinəsinə sağ
tərəfdən daxil olub.
Bununla M.Saakaşvili dövlət nəzarətindən yan keçməklə qanunsuz
olaraq sürücünün köməyi ilə dövlət sərhədini keçib.
Qeyd olunan tarixdə saat 02:00-da M.Saakaşvili onu qarşılayan
“Mercedes” markalı avtomobilə minib və öncə Abaşa rayonunun Tkviri
kəndinə, daha sonra isə mikroavtobusla
Lançxuti-Poti-Ozurgeti-Kobuleti yolu ilə Batumiyə yola düşüb.
Qeyd edək ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də
Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə
yerləşdirilib.
Mənbə: report.az