“Cənubi Qafqazda nəqliyyat infrastrukturunun
gücləndirilməsi böyük əhəmiyyət kəsb edir”.
Bunu Avropa Komissiyasının bölmə rəhbəri Lourens Meredit Avropa
İttifaqının (Aİ) Gürcüstan nümayəndəliyinin Batumidə təşkil etdiyi
“Qara dəniz əlaqəlilik müzakirələri”ndə deyib.
Onun sözlərinə görə, bunun üçün böyük potensial mövcuddur:
“Gücləndirilmiş nəqliyyat infrastrukturu yalnız
Gürcüstan üçün deyil, bütün Qafqaz - Azərbaycan, Ermənistan, o
cümlədən Mərkəzi Asiya və Çinə qədər çox vacibdir. Biz
iqtisadi-ticari sahədə, həmçinin yük və konteyner daşımalarının
həcmində artım potensialı görürük”.
Aİ-nin Gürcüstandakı səfiri Karl Hartzel də çıxışında Qafqazda
nəqliyyat sahəsinə toxunub. O, son aylarda bölgədə nəqliyyat
marşrutları ilə bağlı aparılan müzakirələrin aktuallaşdığını
deyib.
Diplomat bildirib ki, Aİ uzun illərdir bölgədə Şərq-Qərb dəhlizini
təşviq edir:
“Biz əmin olmalıyıq ki, bölgədə nəqliyyat
şəbəkəsi ilə bağlı hazırladığımız strategiyamızda müəyyən etdiyimiz
dinamika rəqabətli təşəbbüslərin arxasında
qalmayacaq”.
Mənbə: report.az