Bu gün, 20 yanvar tarixində Tbilisidə Gürcüstanın Milli Parlament
Kitabxanasında "20 yanvar" və "9 aprel" faciələrinə həsr olunmuş
anım tədbiri keçirildi.
Tədbirdə Azərbaycanın Gürcütandakı səfirliyinin əməkdaşları,
Gürcüstanın hökumət üzvləri, ziyalı şəxslər və dəvət olunmuş
qonaqlar iştirak edirdilər.
Tədbirdə əvvəlcə “Qanlı Yanvar” hadisələrini əks etdirən
fotoşəkillərdən ibarət sərgi nümayiş olundu, "20 yanvar" və "9
aprel" hadisələri zamanı dünyasını dəyişən şəxslərin xatirəsi bir
dəqiqəlik sükutla yad edildi.
Daha sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev tədbiri
giriş sözü ilə açaraq, "20 yanvar" və "9 aprel" hadisələrindən
danışdı. O, qeyd etdi ki, həm Azərbaycan, həm də Gürcüstan xalqları
azadlıq uğurunda mübarizə aparıblar. Azərbaycan və Gürcüstan
müstəqillik əldə etdikdən sonra iki ölkə arasında dostluq əlaqələri
quruluraq, bu gün də davam etdirilir. Quliyev qanlı yanvar
hadisələrində şəhid olan insanların daima Azərbaycan xalqının
qəlbində yaşayacaq bildirdi.
Anım tədbirində Gürcüstan Xarici İşlər Nazirinin müavini Laşa
Darsalia, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan da
çıxış etdilər.
Tədbirin sonunda Azərbaycan Respublikasının əməkdar artistləri
Nərgiz Əliyeva və Fəridə Məlikovanın ifaları fonunda Gürcüstanın
Pantomima Teatrının aktyorları 20 yanvar və 9 aprel hadisələrinə
həsr olunmuş teatral səhnələr nümayiş etdirdilər.
Qeyd edək ki, bu gün, Azərbaycanda 20 Yanvar faciəsinin 32-ci
ildönümü qeyd olunur. Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi
qurbanlarının xatirəsini yad edir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Sovet ordusu
əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Azərbaycana qarşı
hərbi əməliyyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744
adam xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet
ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət
əmlakı dağıdıldı.
20 Yanvar faciəsi Azərbaycan respublikasında və dünyanın bir çox
ölkəsində hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.