Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyənin bu ölkədəki
səfiri Fatma Ceren Yazqan ilə görüşüb.
Bu barədə Gürcüstanın Hökumət Administrasiyası məlumat yayıb.
Görüşdə Gürcüstan ilə Türkiyə arasında münasibətlərin inkişaf
perspektivləri, ikitərəfli və regional əməkdaşlıq, bölgənin
təhlükəsizliyi məsələləri müzakirə olunub. Söhbət zamanı Türkiyə
bazarının açılması və Gürcüstanda dərman preparatlarının
qiymətlərini xeyli aşağı salacaq yüksək keyfiyyətli GMP standartlı
dərmanların ölkəyə gətirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bundan başqa, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının
növbəti iclası, Gürcüstan ilə Türkiyə arasında Azad Ticarət
Sazişinin həyata keçirilməsi istiqamətində atılacaq addımlar da
müzakirə edilib.
Tərəflər, eyni zamanda, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın
daha da dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər.
Mənbə: azertac.az