Azərbaycan öz müstəqilliyini 1918-ci ildə Tbilisidə elan edib və
həmin tarixdən həm Azərbaycan, həm də Gürcüstan dövlətçiliyin
gücləndirilməsi, inkişafı istiqamətində bir çox çətinliklərlə
üzləşib.
Bunu Tbilisidə 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə
keçirilən rəsmi qəbulda Gürcüstan xarici işlər nazirinin birinci
müavini Laşa Darsaliya deyib.
O, bildirib ki, bu illər ərzində iki ölkə arasında qarşılıqlı
etimada, dəstəyə və hörmətə əsaslanan güclü tərəfdaşlıq əlaqələri
qurulub.
Darsaliya bu il Azərbaycan və Gürcüstan arasında diplomatik
əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini
vurğulayıb. O, iki ölkə arasındakı əlaqələrin tarixi bağlara
əsaslandığını qeyd edib.
“Bizim əməkdaşlığımız ikitərəfli qarşılıqlı mənfəətə
əsaslanan regional əməkdaşlığın nümunəvi modelidir. Regiondakı
hazırkı çətin vəziyyət bölgənin sabitliyinin və firavanlığının
təmin edilməsi baxımından bizim əməkdaşlığımızı daha da vacib
edir", - Darsaliya vurğulayıb.
Mənbə: report.az