Gürcüstanın Marneuli şəhərində “İnkişaf və Təhsil Mərkəzi”nin
həyata keçirdiyi “Gənclər idmanı seçir” layihəsi çərçivəsində
şahmat üzrə blits turniri keçirilib.
Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş turnirdə 16 gənc
iştirak edib.
Azərbaycanlı gənc şahmatçılar Azər Süleymanov birinci, Cahandar
Bayramov ikinci, Qasım Əliyev isə üçüncü yerə çıxıblar.
“İnkişaf və Təhsil Mərkəzi”nin rəhbəri Emin Əhmədov bildirib ki,
“Gənclər idmanı seçir” layihəsi çərçivəsində voleybol, oxçuluq,
futbol üzrə yarışlar da keçirilir. Mayın 29-da bütün turlara yekun
vurulacaq və qaliblər mükafatlandırılacaqlar.
Onun sözlərinə görə, bu cür yarışları keçirməkdə məqsəd gənclərin
asudə vaxtlarını səmərəli təşkil etmək, onların idmana marağını
artırmaq, eləcə də daha güclü uşaqları seçib rayon və respublika
birinciliklərinə çıxarmaqdır.
Mənbə: azertac.az