Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə səfərdə
olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Gürcüstanla
parlamentlərarası dostluq qrupunun sədri Halil Etyemez və qrupun
üzvləri ilə görüşüb.
Bu barədə Gürcüstan parlamentindən məlumat verilib.
Bildirilib ki, görüşdə Gürcüstan ilə Türkiyə arasında müxtəlif
sektorlarda uzunmüddətli sıx əməkdaşlığın perspektivləri nəzərdən
keçirilib. Qanunverici orqanlar arasında əlaqələrin son vaxtlar
intensivləşməsi yüksək qiymətləndirilib. Görüşdə regional
əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.
Ş.Papuaşvili qeyd edib ki, onun ölkəsi Gürcüstan-Türkiyə-Azərbaycan
üçtərəfli əməkdaşlığına böyük önəm verir. Onun sözlərinə görə, bu
gün əsas diqqət regional sülhün möhkəmləndirilməsi istiqamətində
atılan addımlara yönəldilib.
Parlamentin sədri Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə
verdiyi dəstəyə görə Türkiyə tərəfinə minnətdarlığını bildirib.
Söhbət zamanı tərəflər strateji tərəfdaşlığı daha da
dərinləşdirməyə hazır olduqlarını bildiriblər.
Mənbə: azertac.az