Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığına böyük önəm veririk – Şalva Papuaşvili
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Gürcüstanla parlamentlərarası dostluq qrupunun sədri Halil Etyemez və qrupun üzvləri ilə görüşüb.

Bu barədə Gürcüstan parlamentindən məlumat verilib.

Bildirilib ki, görüşdə Gürcüstan ilə Türkiyə arasında müxtəlif sektorlarda uzunmüddətli sıx əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. Qanunverici orqanlar arasında əlaqələrin son vaxtlar intensivləşməsi yüksək qiymətləndirilib. Görüşdə regional əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.

Ş.Papuaşvili qeyd edib ki, onun ölkəsi Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığına böyük önəm verir. Onun sözlərinə görə, bu gün əsas diqqət regional sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara yönəldilib.

Parlamentin sədri Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə Türkiyə tərəfinə minnətdarlığını bildirib. Söhbət zamanı tərəflər strateji tərəfdaşlığı daha da dərinləşdirməyə hazır olduqlarını bildiriblər.

Mənbə: azertac.az
Print