Gürcüstanın Poti (Batumi) limanı ilə Rumıniyanın Konstansa limanı
arasında işlərin sürətini və yükdaşımaların həcmini artırmaq üçün
yeni qidalandırıcı gəmi (orta həcmli yük gəmisi) ayrılıb.
Bu barədə “Gürcüstan Dəmir Yolu”ndan məlumat verilib.
Bildirilir ki, yeni qidalandırıcı gəmi nisbətən dayaz sularda
hərəkət edə bilən orta ölçülü yük gəmisidir. 210 TEU tutumlu gəmi
ayda üç reys həyata keçirəcək.
Məlumatda qeyd olunur ki, Qara dəniz limanları arasında fider
xəttinin işə salınması Transxəzər beynəlxalq nəqliyyat marşrutu
üzrə yükdaşımaların artmasına töhfə verəcək. Konteyner daşımaları
Avropa-Çin-Avropa və Avropa-Mərkəzi Asiya-Avropa istiqamətində
həyata keçiriləcək.
Gürcüstan limanlarından Avropaya qidalandırıcı gəmi vasitəsilə
konteyner daşımaları “Ady Container” (Azərbaycan), “KTZ Express”
(Qazaxıstan) və “Xəzər Dəniz Gəmiçiliyi” ASCO terminalları ilə
birlikdə “GZD GR Logistics”in törəmə şirkəti tərəfindən həyata
keçiriləcək.
Poti limanından ilk qidalandırıcı gəmi 146 TEU tutum konteynerləri
Rumıniya limanına, yəni Konstansaya çatdıracaq. Konstansa limanında
yenidən yükləndikdən sonra gəmidəki yük Almaniya və Macarıstana,
daha sonra isə digər Avropa ölkələrinə göndəriləcək.
Layihə TMTM Konsorsiumunun üzvü olan Rumıniyanın “Grampet” şirkəti
tərəfindən dəstəklənir. Konteyner daşımalarında “Rail Cargo” və
“Metrans” da iştirak edir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu
(TİTR) Çin İpək Yolunun dəhlizlərindən biridir.
Qeyd edək ki, Çin 2013-cü ildə infrastrukturun yaradılmasına və
Avrasiya ölkələri arasında əlaqələrin qurulmasına yönəlmiş "Bir
kəmər - bir yol" adlı yeni iqtisadi inkişaf strategiyasını elan
edib. Strategiya iki əsas inkişaf sahəsini - İpək Yolunun iqtisadi
kəməri və dəniz İpək Yolunu əhatə edir. Burada da malların Şərqdən
Qərbə güzəştli şərtlərlə birbaşa çatdırılması üçün ticarət
dəhlizinin yaradılması nəzərdə tutulur.
“İpək Yolunun inkişafı bu istiqamətdə mühüm investisiyalar yatıran
Gürcüstan hökumətinin mühüm prioritetlərindən biridir. Bu baxımdan
ölkə miqyasında qurulan əsas infrastruktur İpək Yolunun ayrılmaz
hissəsidir” – deyə, məlumatda vurğulanır.
Mənbə: azertac.az