Nəinki köhnə binalara, elə yeni binaların əksəriyyətinə də ciddi şəkildə nəzarət olunması lazımdır – Ruslan Hacıyev Marneulidə baş verən faciə barədə
Gürcüstan Parlamentinin keçmiş deputatı Ruslan Hacıyev Marneulidə baş vermiş faciəyə münasibət bildirib.

Bu barədə “Marneuli” radiosuna müsahibə verən Hacıyev bildirdi ki, bu hadisə onu çox sarsıdıb. O, tək Nərimanov küçəsindəki binanın deyil, Marneulidə yerləşən və Sovet İttifaqı dövründə inşa olunmuş binaların hər birinin bu gün qəzalı vəziyyətdə olduğunu deyir. Keçmiş deputatın sözlərinə görə, onun və Tamaz Naverianinin deputatlığı dövründə Marneulili sakinlərinin müraciəti əsasında Rustaveli küçəsində yerləşən 4 binanın dam örtüyü dəyişdirilib.

“Çox pis hadisə baş verdi. Xəsarət alanlara Allah şəfa versin. Pis hadisə oldu, bu hadisə hər birimizi üzdü. Düşünürəm ki, Sovet İttifaqı dövründən qalan binaların hamısında mütləq şəkildə ekspertiza keçirilməlidir. Köhnə binaların zirzəmiləri, eyvanları, dam örtükləri nəzərdən keçirilməlidir. 2018-2019-u illər idi deyəsən, müraciət etmişdilər. Rustaveli küçəsində 4 binanın dam örtüyü dəyişdirildi. Biz ona o zaman, şəxsən mənim, Tamaz Naverianinin deputatlığı vaxtında meriya ilə bərabər bu hadisələrlə maraqlanırdıq. Yadımdadır ki, 4 binanın dam örtüyü dəyişdirildi. Əlbəttə ki, bütün binalara diqqət yetirilməlidir. Həmin binalar Sovet vaxtında tikilib, o binalarda indi zaman keçdikcə müəyyən problemlər olur. Onsuz olmaz. Amma dövlət qurumları, meriya ona diqqət yetirməlidir. Bu binalar 40-50 ilin binalarıdır. Həmin binalarda qüsur da ola bilər”.


Hacıyev onun deputatlığı dövründə sözügedən binanın sakinlərinin meriyaya məsələnin həlli ilə bağlı müraciət etdiklərini xatırlamadığını bildirdi. Onun sözlərinə görə, adətən yazılan ərizələr və edilən müraciətlər deputatlara deyil, meriyalara gəlir.

Parlamentin keçmiş deputatı deyir ki, aidiyyəti orqanlar və meriya köhnə, eləcə də yeni tikilən binalara baxış keçirməlidir. Hacıyev deyir ki, Dmanisidə tez-tez zəlzələ baş verir və həmin zəlzələnin də köhnə binalara təsiri ola bilər. Buna görə də o, ilk növbədə vətəndaşları, daha sonra isə dövlət orqanlarını, meriyanı bu kimi məsələlərdə diqqətli olmağa çağırır.

“Bu problemləri ümumiləşdirib həllinə nail olmalıyıq. Biz bilirik ki, binaların alt hissələrinin bəziləri mülkiyyətçilər tərəfindən sökülür. Şəxsi maraqlarına görə obyekt düzəldirlər. Ona görə də içərisində ola bilər ki, texniki baxımdan səhv olaraq hansısa daşıyıcı, vacib bir divar uçurula bilər. Ona görə də lazımi orqanlar tərəfindən bu yoxlanılmalıdır. Buna qarşı ciddi mübarizə aparılmalıdır. Batumidə olan hadisədən sonra insanların içində diqqətli olmaq üçün bir oyanış oldu. Bu kimi məsələlər meriya tərəfindən, arxitektorlar tərəfindən mütləq şəkildə yoxlanılmalıdır. Bunlar həssas məsələlərdir. Dmanisidə demək olar ki, hər gün zəlzələ olur. Bunun da təsiri ola bilər. Mütləq, binalar nəzarətdə olmalıdır. Bunu tək meriyanın, dövlətin üzərinə yıxmaq olmaz, əlbəttə dövlət də nəzarət etməlidir, amma vətəndaş da bu məsələlərdə diqqətli olmalıdır. Əgər bu gün mənim zirzəmimə su dolubsa, birinci dərəcədə mən ərizə ilə müraciət etməliyəm. Mən bir vətəndaş kimi aktiv olmalıyam. Nəinki köhnə binalara, elə yeni binaların əksəriyyətinə də ciddi şəkildə nəzarət olunması lazımdır. Əlbəttə bugünkü mer də, dövlət nümayəndələri də bununla bağlı bilirəm ki, ciddi addımlar atırlar. Sadəcə olaraq bütün binalar ekspertiza tərəfindən yoxlanılmalıdır”.


Qeyd edək ki, Parlamentin Marneuli və Qardabani seçki dairəsindən majoritar deputatı Zaur Darğallı bildirir ki, onun mer olduğu dövrdə özünüidarəyə qeyd olunan təhlükə ilə bağlı məktub verilməyib, nə də şifahi müraciət edən olmayıb. Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili də həmin binanın qəzalı vəziyyətdə olması ilə bağlı sakinlərdən meriyaya məktub daxil olmayıb.

26 iyun tarixində, axşam saatlarında Marneulinin Nərimanov küçəsi 1 ünvanında beşinci mərtəbənin eyvanı uçub. Beşinci mərtəbənin eyvanı uçaraq dördüncü mərtəbənin eyvanının da uçmasına səbəb olub. Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna bildirdilər ki, faktla bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə tikinti və ya başqa işlər zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutur. Hadisə zamanı iki nəfər həyatını itirib, 3 azyaşlı isə xəsarət alıb.

Print Email
FaceBook Twitter Google