“Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu
almaq üçün Avropa Komissiyasının tövsiyələri üzərində fəal iş
aparacaq”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişellə Madriddə keçirdiyi görüşdə
deyib.
O, Gürcüstana Avropa pesrpsektivinin təqdim edilməsinin tarixi
qərar olduğunu vurğulayıb.
Baş nazirin sözlərinə görə, Avrointeqrasiya yalnız Gürcüstan
hökumətinin deyil, gürcü xalqının da seçimidir. İ.Qaribaşvili
Gürcüstanın Avropaya inteqrasiya yolunda Ş.Mişelin şəxsi səylərinə
görə minnətdarlıq bildirib.
Görüşdə Ukraynada davam edən müharibəyə də toxunulub. İ.Qaribaşvili
Gürcüstan hökuməti və xalqının Ukraynaya həmrəylik və dəstəyini bir
daha təsdiqləyib.
Qeyd edək ki, iyunun 23-də Aİ Ukrayna və Moldovaya üzvlüyə namizəd
statusu təqdim edib, Gürcüstanın Avropa perspektivi tanınıb və
ölkəyə statusun prioritetlərin yerinə yetirilməsindən sonra
veriləcəyi bildirilib. Avropa Komissiyası Tbilisiyə statusun
alınması üçün 12 şərti yerinə yetirməyi tövsiyə edib.