Marneuli şəhərində, Nərimanov 1 ünvanında yerləşən binanın
sakinləri meriya ərazisində etiraz aksiyası keçiriblər. Söhbət 26
iyun tarixində iki eyvanı uçmuş binanın sakinlərindən gedir.
Həmin hadisə nəticəsində iki nəfər dünyasını dəyişmişdi. Yerli
sakinlərin sözlərinə görə, bədbəxt hadisədən sonra onlar daim qorxu
içində yaşayırlar. Onlar yerli hakimiyyətdən reaksiya göstərməyi
tələb edirlər.
Hazırda Marneuli meri Kənan Ömərov sakinlərlə görüşür. Görüş
mətbuat üçün qapalıdır.
"Marneuli" radiosu məsələ ilə bağlı işləməyə davam edir və material
yenilənəcək.
Qeyd edək ki, 26 iyun tarixində Marneulidə baş vermiş bədbəxt
hadisədən sonra meriyaya müraciətlərin sayı artıb. Vətəndaşlar
yaşayış binalarına baxış keçirilməsini tələb edirlər. Marneuli
merinin müavini Roin Dekanoidze 29 iyunda "Marneuli" radiosuna
bildirmişdi ki, şəhərdə binalardan birində eyvanlar uçduqdan sonra
vətəndaşlar özünüidarəyə binalara baxış keçirməsi üçün ərizə ilə
müraciət edirlər. Dekanoidzenin sözlərinə görə, məsələni hərtərəfli
şəkildə araşdıracaqlar, işə ixtisaslı ekspertlər və ya ekspert
qrupu qoşulacaq. Bələdiyyənin bu araşdırmaya nə qədər vəsait
ayıracağı hələ məlum deyil.