2 iyul tarixində “Evə - Avropaya doğru” hərəkatı Marneuli bazarı
ərazisində əhali ilə görüşüb və bukletlər paylayıb.
Fəal vətəndaşlar yerli sakinlərə Avropa dəyərləri və Gürcüstanın
Avropa İttifaqına namizəd statusu qazanması üçün atmalı olduğu
addımlar barədə danışıblar. Özünüidarə nümayəndələri mülki fəallara
mane olublar. Yerli meriya, Bələdiyyə Məclisi və qeyri-kommersiya
təşkilatlarının bir çox əməkdaşı mülki fəalları ərazini tərk etməyə
çağırıb. Xüsusilə Marneuli meriyasının əməkdaşı, “Qadın otağının”
rəhbəri Rima Otaraşvili fəallıq göstərib. O, öz hərəkətinə qeyri-iş
saatı olması ilə bəraət qazandırıb. Eləcə də meriyanın nümayəndəsi
İrma Zarkua Marneulili mülki fəal Samirə Bayramovaya xaçı təhqir
etməsini bağışlamayacağını deyib.
“Sizə vətəndaşları aldatmağa imkan verməyəcəyəm. Samirə,
sənə deyirəm, vətəndaşları aldatmağa imkan verməyəcəyəm. Burada nə
qədər istəyirsən dayan. Sən bizim xaçın üzərinə xətt çəkdin,
xristian xaçını qırmızıya boyadın, buna hüququn yox idi, sənin
xristianlarla danışmaq hüququn yoxdur”, - İrma Zarkua
deyib.
Mülki fəallara mane olanlar arasında Alt-İnfonun Marneuli üzrə
nümayəndəsi Nana Donadze də var idi. O, mülki fəalları Milli
Hərəkatla eyniləşdirib.
“Bu adamlar xüsusilə göndərilib ki, qarşıdurma olsun.
Biz bu gün Marneulidə əhalinin əhval-ruhiyyəsini gördük. Onlar
Avropa İttifaqını müsbət qiymətləndirir və
dəstəkləyirlər”, - Samirə Bayramova bildirib.
Bukletlərin paylanmasında Marneulili mülki fəal Nona Samxaradze də
iştirak edirdi. O, düşünür ki, mübahisə yaratmağa çalışan yerli
hakimiyyət idi, bu məsələdə İrma Zarkuanın rolunu xüsusi qeyd
edir.
“Marneuli meriyasının əməkdaşları səfərbər edilmişdi.
İrma Zarkuanı xüsusi qeyd edərdim. Bu adam “Gürcü Arzusu”-nun və ya
hansısa qaranlıq şeylər mövcuddursa, onun nümayəndəsidir. Çünki o,
təxribata cəhd edirdi. Arxada meriya və Bələdiyyə Məclisinin digər
əməkdaşları dayanmışdılar. Nəzarət Xidmətindən və s. İrma Zarkua
xüsusilə göndərilmişdi ki, mikrofonlar qarşısında Samirə
Bayramovaya hücum etsin və nə isə baş versin. Sonra kadrlar
çəksinlər ki, əhali bu aksiyaya qarşı çıxır, ancaq bu belə deyildi.
Əhali Avropa İttifaqını istəməyimizlə bağlı mesajları çox yaxşı
qəbul edirdi”.
Qeyd edək ki, “Evə - Avropaya doğru” hərəkatı Gürcüstanın digər
bələdiyyələrində də əhali ilə görüşlər keçirir.
“Marneuli” radiosu mövzu üzərində işləməyə davam edir.