Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının böyük
zalında Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Dövlət
Kamera Orkestrinın baş dirijoru, əməkdar artist Fuad İbrahimovun
rəhbərliyi ilə konsert təşkil edilib.
Musiqi axşamında dirijorun idarəçiliyi altında Gia Kançeli adına
Tbilisi Gənclər Orkestri Azərbaycanın görkəmli bəstəkarı Fikrət
Əmirovun “Nizaminin xatirəsinə” simfoniyasından parça ifa edib.
Konsertdə F.İbrahimovun müşayiəti ilə Yunanıstandan olan
fleytaçalan Statis Karapanos bəstəkar Otar Qordelinin fleyta üçün
konsertinosu ilə çıxış edib. Bundan başqa, bəstəkar Mika
Mdinardzenin müəllifi olduğu və Ukraynada müharibə zamanı həlak
olan uşaqların xatirəsinə həsr edilən “145/Xristos” əsərinin
premyerası da baş tutub.
Sonda axşamın xüsusi qonağı qismində Ukrayna-Gürcüstan müğənnisi
Sofi Villi mahnı təqdim edib. Konserti izləyənlər arasında
Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, azərbaycanlı
icmanın nümayəndələri, gürcü musiqiçilər, tanınmış caz ifaçısı və
bəstəkar Nino Katamadze də olub. Musiqisevərlər klassik əsərləri
alqışlarla qarşılayıblar.
F.İbrahimov musiqi axşamı ilə bağlı təəssüratlarını bölüşüb. O
deyib ki, qonşu və dost ölkə olan Gürcüstanda ilk dəfədir konsertlə
çıxış edib:
“Dəvəti Tbilisi Gənclər Orkestrinin
dirijoru, dostum Mirian Xuxunaişvilidən aldım. Mən onunla Parisdə
keçirilən beynəlxalq müsabiqədə tanış olmuşam. Gürcüstanda konsert
proqramında çıxış etməyimdən böyük xoşbəxtlik hissi
keçirirəm”.
Dirijorun sözlərinə görə, proqrama Fikrət Əmirovun “Nizaminin
xatirəsinə” simfoniyası onun təklifi ilə daxil edilib:
“Çox sevindirici haldır ki, böyük bəstəkarımızın 100
illiyinin qeyd olunduğu ildə Tbilisidə onun “Nizaminin xatirəsinə”
əsəri səslənib. Bu əsərin proqrama daxil edilməsi ilə bağlı
təklifimin qəbul olunduğuna görə minnətdaram. Şadam ki, gənc gürcü
musiqiçilər bu əsərin öhdəsindən gəlib, çünki əsər həqiqətən də
çətindir”.
F.İbrahimov konsertdə gürcü bəstəkarların əsərlərinin yer
almasından məmnunluq ifadə edib:
“Əsərlərdən biri məhz
bu konsert üçün yazılmışdı və onun premyerası baş tutdu. Fleyta
üçün konsertino da çox gözəl əsərdir. Sevinirəm ki, repertuarıma
daha bir əsər - məhz gürcü bəstəkarın əsəri daxil
oldu”.
Əməkdar artist qeyd edib ki, gürcü musiqiçilərlə əməkdaşlığın davam
etdirilməsi planlaşdırılıb:
“Tbilisi Gənclər
Orkestrinin dirijoru Mirian Xuxunaişvilini Azərbaycanda sentyabrda
keçiriləcək Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına dəvət
etmişəm və Mədəniyyət Nazirliyi bu təklifimi qəbul
edib”.