Tbilisidə azərbaycanlı dirijorun rəhbərliyi ilə konsert keçirilib
Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının böyük zalında Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Dövlət Kamera Orkestrinın baş dirijoru, əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə konsert təşkil edilib.

Musiqi axşamında dirijorun idarəçiliyi altında Gia Kançeli adına Tbilisi Gənclər Orkestri Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun “Nizaminin xatirəsinə” simfoniyasından parça ifa edib.

Konsertdə F.İbrahimovun müşayiəti ilə Yunanıstandan olan fleytaçalan Statis Karapanos bəstəkar Otar Qordelinin fleyta üçün konsertinosu ilə çıxış edib. Bundan başqa, bəstəkar Mika Mdinardzenin müəllifi olduğu və Ukraynada müharibə zamanı həlak olan uşaqların xatirəsinə həsr edilən “145/Xristos” əsərinin premyerası da baş tutub.

Sonda axşamın xüsusi qonağı qismində Ukrayna-Gürcüstan müğənnisi Sofi Villi mahnı təqdim edib. Konserti izləyənlər arasında Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, azərbaycanlı icmanın nümayəndələri, gürcü musiqiçilər, tanınmış caz ifaçısı və bəstəkar Nino Katamadze də olub. Musiqisevərlər klassik əsərləri alqışlarla qarşılayıblar.

F.İbrahimov musiqi axşamı ilə bağlı təəssüratlarını bölüşüb. O deyib ki, qonşu və dost ölkə olan Gürcüstanda ilk dəfədir konsertlə çıxış edib: “Dəvəti Tbilisi Gənclər Orkestrinin dirijoru, dostum Mirian Xuxunaişvilidən aldım. Mən onunla Parisdə keçirilən beynəlxalq müsabiqədə tanış olmuşam. Gürcüstanda konsert proqramında çıxış etməyimdən böyük xoşbəxtlik hissi keçirirəm”.

Dirijorun sözlərinə görə, proqrama Fikrət Əmirovun “Nizaminin xatirəsinə” simfoniyası onun təklifi ilə daxil edilib: “Çox sevindirici haldır ki, böyük bəstəkarımızın 100 illiyinin qeyd olunduğu ildə Tbilisidə onun “Nizaminin xatirəsinə” əsəri səslənib. Bu əsərin proqrama daxil edilməsi ilə bağlı təklifimin qəbul olunduğuna görə minnətdaram. Şadam ki, gənc gürcü musiqiçilər bu əsərin öhdəsindən gəlib, çünki əsər həqiqətən də çətindir”.

F.İbrahimov konsertdə gürcü bəstəkarların əsərlərinin yer almasından məmnunluq ifadə edib: “Əsərlərdən biri məhz bu konsert üçün yazılmışdı və onun premyerası baş tutdu. Fleyta üçün konsertino da çox gözəl əsərdir. Sevinirəm ki, repertuarıma daha bir əsər - məhz gürcü bəstəkarın əsəri daxil oldu”.

Əməkdar artist qeyd edib ki, gürcü musiqiçilərlə əməkdaşlığın davam etdirilməsi planlaşdırılıb: “Tbilisi Gənclər Orkestrinin dirijoru Mirian Xuxunaişvilini Azərbaycanda sentyabrda keçiriləcək Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına dəvət etmişəm və Mədəniyyət Nazirliyi bu təklifimi qəbul edib”.

Mənbə: report.az
Print