Gürcüstanda tutulan şəxs Azərbaycana ekstradisiya edilib.
Bu barədə Azərbaycan Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat
verilib.
Bildirilib ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən milli
qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o
cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və
hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə
əsasən Gürcüstan Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər
çərçivəsində ölkəmiz ərazisində cinayət törətmiş şəxsin cinayət
məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycana ekstradisiya
edilməsi barədə sorğu edilib.
Belə ki, Abşeron Rayon Prokurorluğunun icraatında olan cinayət işi
üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Bağırov Nurlan
Şükür oğlunun - qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi
amansızlıqla adam öldürmə əməlini törətməsinə əsaslı şübhələr
müəyyən edilib.
Nurlan Bağırov barəsində beynəlxalq axtarış elan olunub.
Axtarışda olan şəxsin Gürcüstan ərazisində yerinin müəyyən edilməsi
əsası ilə Azərbaycan Baş Prokurorluğunun Gürcüstan Baş
Prokurorluğuna sorğusu təmin edilməklə Nurlan Bağırov avqustun 5-də
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun
müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.