"Düşünürəm ki, o, bura gəlməsinin səhv olduğunu başa düşür" - Eduard Saakaşvili atası haqqında
Sabiq prezidentin oğlu Eduard Saakaşvilinin sözlərinə görə, Mixeil Saakaşvili Gürcüstana qayıtmasının “səhv olduğunu” bilir. O, bu barədə “Vivamed” klinikasında atasına baş çəkdikdən sonra jurnalistlərə danışıb.

Eduard Saakaşvili jurnalistlərə deyib: "Mən bunu ondan dəfələrlə eşitmişəm. Düşünürəm ki, o, bunu başa düşüb, fikirləşir ki, gəlməməli idi və bu gün onun prioriteti yalnız sağ qalmaq və sağlamlığını qorumaqdır".

O, həmçinin qeyd edib ki, indi Mixeil Saakaşvilinin bədəni və vəziyyəti siyasi planlardan daha çox sağ qalmaq rejimindədir:
"Onun bu vəziyyətdə hər hansı siyasi fəaliyyətlə məşğul olmasını təsəvvür etmək mənim üçün çətindir, lakin uzunmüddətli perspektivdə bunun Ukraynada və ya harada olacağını bilmirik. Düzünü desəm, bu, mənim üçün daha az əhəmiyyət kəsb edir və onun özü də buna görə çox narahat deyil”.

Mixeil Saakaşvilini komanda yoldaşı Koba Nakopia da ziyarət edib. Onun sözlərinə görə, Saakaşvili həbs olunduqdan sonra təxminən 30 kiloqram arıqlayıb.
Mixeil Saakaşvili mayın 12-dən “Vivamed” klinikasında müalicə alır.

İki iş üzrə 6 il müddətinə azadlıqdan məhrum edilən Gürcüstanın eks-prezidenti, Ukrayna vətəndaşı Mixeil Saakaşvili 2021-ci il sentyabrın sonunda Gürcüstana qayıdıb. O, oktyabrın 1-də, özünüidarə seçkilərindən bir gün əvvəl həbs edilib.

Həbs olunduğu gün aclıq aksiyası elan edib. Vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq, aclıq aksiyasının başlamasının 50-ci günü, noyabrın 19-da Mixeil Saakaşvili müalicə üçün Qori hərbi hospitalına aparılacağı təqdirdə aksiyanı dayandırmağa razılaşıb. Mixeil Saakaşvili dekabrın 30-da Qori xəstəxanasından Rustavi Penitensiarına qaytarılıb.
Print