Gürcü və azərbaycandilli məlumat platforması “Pəncərə” yeni
iştirakçıların qəbulunu elan edir.
Platformanın məqsədi əhaliyə, xüsusilə də Gürcüstan
azərbaycanlılarına gənclərin inkişafı, gücləndirilməsi, məlumatlı
seçim etməsi üçün etibarlı, düzgün məlumat çatdırmaqdır.
“Pəncərə”-nin jurnalisti Tozu Gülmməmədova “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, platformada hər hansı gəncin bloq,
məqalə yazmaq və ya video paylaşmaq şəraiti var.
“Elə hallar olub ki, platformalarda kəşf olunmuş
adamlara iş təklif ediblər və onlar işlə təmin olunublar. Bundan
əlavə, “Pəncərə” bacarıqlı və yaradıcı gənclərin kəşf edilməsinə
dəstək olur. Həmişə uğurlu gənclərin hekayəsini yazır və
paylaşırıq, imkanlarımız çərçivəsində dəstək oluruq.
Gənclərin hekayələrini paylaşmaqdan əlavə Gürcüstanda dünyaya
gəlmiş və qadınların gücləndirilməsində böyük rolu olan
azərbaycanlı qadınlar barədə məlumat da paylaşırıq”,
– Tozu Gülməmmədova bildirdi.
“Pəncərə” platforması insan hüquqları, gender bərabərliyi, zərərli
təcrübələr (erkən evlilik), həmin təcrübə ilə əlaqədar reproduktiv
sağlamlıq məsələləri, gənclər sektorunda aparılan hadisələr və
yenilikləri əhatə edir.
“Platformaya sahə ekspertləri tərəfindən hazırlanmış material
yerləşdirilir. Həmin material etibarlı və düzgün məlumatdan
ibarətdir. Bundan əlavə, azərbaycanlı gənclərin bloqları
yayımlanır. Bloggerlər öz fikir və yanaşmalarını, təcrübələrini
yazırlar. Öz həmyaşıdları ilə təcrübələrini bölüşürlər və onlar
üçün mühüm olan məsələləri müzakirə edirlər. “Pəncərədə” hər hansı
maraqlanan şəxs blogger ola bilər. Əlbəttə, etnik azərbaycanlı
gənclər prioritetdir”, – Tozu Gülməmmədova deyir.
“Pəncərə” motivasiyalı və entuziazmla dolu gənclər axtarır. Onlar
platforma ilə öz ideya və yaradıcı fikirlərini bölüşəcəklər.
Maraqlanan şəxslər 20 sentyabra qədər qeydiyyat formasını doldura
bilərlər.