Marneulidə “Həmrəylik Turu” layihəsi çərçivəsində görüş keçiriləcək
24 sentyabr tarixində saat 14:00-da Marneulidə “Həmrəylik Turu” layihəsi çərçivəsində görüş keçiriləcək. Görüş Mülki Məşğulluq Mərkəzində baş tutacaq. Layihə “Salam Platforması”, “Həmrəylik İcması” və “Demokratik Dəyişikliklər Naminə Gənclik” qeyri-hökumət təşkilatlarının birgə təşkilatçılığı ilə həyata keçirilir.

“Həmrəylik Turu”nun ideyası etnik və dini azlıqların səsinin ən az eşidildiyi bölgələrdə onların səsinin gücləndirilməsidir. Layihənin koordinatoru Benyamin Qasımoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu turun məqsədi dominant qrup ilə etnik və dini qruplar arasında körpülər yaratmaq və əlaqələri gücləndirməkdir.

“Biz 8 bələdiyyəyə gedirik – Mestia, Zuqdidi, Kutaisi, Telavi, Xulo, Batumi, Marneuli və Axalkalaki. Bu layihədə Gürcüstan azərbaycanlıları, Gürcüstan erməniləri və gürcü müsəlmanları digər regionlara gedərək, öz problemləri haqda danışırlar. Məsələn: etnik və dini azlıqlar haqda Gürcüstanın digər bölgələrdə nə düşünürlər və onlar haqda məlumatları varmı? Bizim hansı problemlərimiz var, dövlət bizimlə maraqlanırmı. Görüşlərdə biz Azərbaycanlılar öz problemlərmizdən danışırıq. Gürcü müsəlmanlar və ermənilər də öz problemlərindən danışırlar. 8 bələdiyyədə görüşlərimiz sona çatdıqdan sonra noyabrda Marneulidə yekun görüşümüz olacaq. 8 bələdiyyədən iki nəfər nümayəndə Marneuliyə gələcək və Marneulinin kəndlərinə gedəcəyik. Orada yaşayan fərqli etnik və dini qrupların yaşadığı kəndləri gəzəcəyik. Marneulidə azərbaycanlılar, ermənilər və gürcülər yaşayırlar. Etnik və dini azlıqların yaşadığı bölgələrdə vəziyyət necədir. Onlara danışdığımız problemləri yerində göstərəcəyik. İki günlük görüş olacaq. Bir gün kəndləri gəzəcəyik, bir gün də konfrans olacaq”.

Qeyd edək ki, layihə Niderlandın Gürcüstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.

"Marneuli" Radiosu
Print