İranda aksiya iştirakçıları ilə polis arasında qarşıdurma olub, hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan istifadə edib
İranda etirazlar davam edir. Ölkənin paytaxtında və bir sıra şəhərlərdə nümayişlər keçirilib. “Reuters” xəbər agentliyinin məlumatına görə, aksiya iştirakçıları ilə polis arasında qarşıdurma olub, hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

“Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatının məlumatına görə, polis aksiya iştirakçılarına qarşı qeyri-mütənasib güc tətbiq edir. Həmçinin yerli mətbuatın məlumatına görə, İranın eks-prezidentinin qızı, qadın hüquqlarının müdafiəçisi Faizə Rəfsəncani həbs edilib.

Məlumatlara görə, etiraz aksiyası ilə əlaqədar ölkədə internet məhdudlaşdırılıb.

İranda vətəndaşlar Məhsa Əmin adlı iranlı qadının ölümündən sonra etiraz aksiyası keçirirlər. 22 yaşlı Məhsa Əmin sentyabrın 13-də Tehranda hicab taxmaq qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən həbs edilib. Həbs olunduqdan bir neçə saat sonra ailəsinə Aminin xəstəxanaya aparıldığı və 3 gün sonra orada vəfat etdiyi barədə məlumat verilib. Tehran polisinin məlumatına görə, Məhsa Əmin saxlanılan digər qadınlarla birlikdə palataya girmək istəyərkən infarkt keçirib. Ölkənin Daxili İşlər Nazirliyi Aminin səhhətində problemlərin olduğunu açıqlayıb, mərhumun atası bunu təkzib edib. O, qızının ayaqlarında göyərmələrin olduğunu iddia edib.

Mənbə: Birinci Kanal
Print