Qırıxlı məktəbindən zorakılıqda ittiham olunan müəllimin yerinə müsabiqə elan olunub
Marneuli bələdiyyəsinin Qırıxlı ictimai məktəbi gürcü dili müəllimi vəzifəsinə vakansiya elan edib. Məktəbdə boş yerin şagirdləri cəzalandırmaq məqsədi ilə dizi üstə qoymuş müəllimin məktəbi tərk etməsindən sonra yarandığı güman edilir. Rəhman Musayev təxminən 10 il ərzində Qırıxlı ictimai məktəbində gürcü dili müəllimi işləyib.

Təhsil müəssisəsi bu gün, 4 oktyabrtarixində “Gürcü dili ikinci dil kimi” müəllimi vəzifəsinə vakansiya elan edib. Seçiləcək namizəd IV, V, VII, və VIII siniflərdə həftədə 20 saat dərs keçməli olacaq.

Müəllimliyə namizəd müəllim peşə standartı ilə tətbiq edilmiş tələbləri və qeyd olunan tələblərdən birini qane etməlidir:
  1. Ali təhsili təsdiq edən sənədə əsasən, müəllimlik hüququ və Gürcüstan qanunvericiliyi ilə tətbiq edilmiş qaydada təsdiqlənmiş bacarığı olmalıdır;
  2. Sertifikata sahib olan şəxs olmalıdır.
  3. Sxemə ən az baş müəllim statusu ilə qoşulmuş olmalıdır.
Müsabiqə əsasında seçiləcək müəllimin öhdəliyi belə olacaq: fənn proqramlarını hazırlamaq; Dərslərin planlaşdırılması/keçirilməsi; Keçirilmiş dərsin qiymətləndirilməsi/analizi; Dərs materiallarının sonrakı tamamlanmasında və inkişaf prosesində iştirak etmək; Kafedra tərəfindən təşkil edilmiş işgüzar görüşlərdə iştirak etmək; Kafedra rəhbərliyinin tələbinə uyğun hesabat hazırlamaq; Məktəb jurnalını hazırlamaq; Məktəbdə şagird və müəllimlər üçün təhlükəsiz mühitin yaradılması məqsədi ilə müəllimlərin növbətçilik sxeminə qoşulmaq və növbətçilik etmək. Ehtiyac olduğu halda sinif rəhbəri olmaq.

Qeyd edək ki, Qırıxlı ictimai məktəbinin müəllimi Rəhman Musayev öz ərizəsi əsasında məktəbi tərk edib. O, şagirdləri cəzalandırmaq məqsədi ilə dizi üstə qoyub. Musayev müəllimliklə yanaşı Bələdiyyə Məclisinin üzvü idi. Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin 3 oktyabrda “Marneuli” radiosuna bildirdiyinə görə, deputat öz səhvini başa düşüb və Bələdiyyə Məclisini tərk edib.

Faktla bağlı Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb. Mətbuat Xidmətindən bildirdilər ki, Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə istintaq aparılır. Maddə məcbur etməni nəzərdə tutur.

"Marneuli" Radiosu
Print