Temur Canaşia: Mixeil Saakaşvili ölüm astanasındadır
Gürcüstan parlamentinin “Milli Hərəkat”dan olan üzvü Temur Canaşia həbsdə olan Gürcüstanın üçüncü prezidentinin vəziyyətinin ağır olduğunu deyib. O, bu barədə “Vivamed” klinikasında Mixeil Saakaşvili ilə görüşdən sonra məlumat verib.

"İnsan ünsiyyət qura bilmir, çox az danışdıq. Söhbət əsnasında yorulur, ölüm ayağındadır. Bu, normal hal deyil", - Temur Canaşia bildirib.

“Vivamed” klinikasının klinik direktoru Zurab Çxaidze jurnalistlərə telefonla deyib ki, Mixeil Saakaşvilinin vəziyyəti kritik deyil.

“Həqiqətən mən vəziyyəti kritik qiymətləndirə bilmirəm, nə də müalicə edən həkim vəziyyəti kritik qiymətləndirə bilər... Xəstə cəzaçəkmə müəssisəsindən olduğu üçün onun hazırkı səhhəti ilə bağlı məlumat cəzaçəkmə müəssisəsinin tibb şöbəsindən alınmalıdır", - deyə o, bildirib.

Mixeil Saakaşvilinin səhhətinə görə bir neçə aydır məhkəmə iclası keçirilmir. Onun iştirak edə bildiyi sonuncu sessiya aprelin 20-də keçirilib.
İki iş üzrə 6 il müddətinə azadlıqdan məhrum edilən Gürcüstanın eks-prezidenti, Ukrayna vətəndaşı Mixeil Saakaşvili 2021-ci il sentyabrın sonunda Gürcüstana qayıdıb. O, oktyabrın 1-də, özünüidarə seçkilərindən bir gün əvvəl həbs edilib.

Həbs olunduğu gün aclıq aksiyası elan edib. Vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq, aclıq aksiyasının başlamasının 50-ci günü, noyabrın 19-da Mixeil Saakaşvili müalicə üçün Qori hərbi hospitalına aparılacağı təqdirdə aksiyanı dayandırmağa razılaşıb. Mixeil Saakaşvili dekabrın 30-da Qori xəstəxanasından Rustavi Penitensiarına qaytarılıb.

Onun vəkilləri və “Empatiya” mərkəzinin əməkdaşları Mixeil Saakaşvilinin müalicə üçün xaricə köçürülməsinin zəruri olduğunu deyirlər. Saakaşvili mayın 12-dən Vivamed klinikasında müalicə alır.

Mənbə: radiotavisupleba.ge
Print