“BEEZ” Uşaq Teatrının bədii rəhbəri “Qardabaninin fəxri vətəndaşı” adına layiq görülüb
“BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğlu “Qardabaninin fəxri vətəndaşı” adına layiq görülüb. 4 oktyabr tarixində Qardabani bələdiyyəsinin mərkəzi parkında keçirilən “Qardabnoba 2022” xalq bayramı zamanı fəxri adların verilməsi mərasimi də keçirilib. Qardabaninin fəxri vətəndaşı adına layiq görülən Binəli İslamoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bundan gözəl mükafat ola bilməz.

“İlk öncə belə bir mükafata layiq gördükləri üçün Qardabani bələdiyyəsinə öz dərin təşəkkürümü bildirirəm. Bizə hər zaman dəstək olan dəyərli insanlarımıza da təşəkkür edirik. Təbii ki, mənim üçün sürpriz oldu. Sevindikmi? Sevindik. Bəli, əgər sənin gördüyün işə dəyər verirlərsə, bundan gözəl mükafat ola bilməz. Sənət adamı üçün ilk öncə onun sənətinə verilən dəyərdir. Bu bircə mənim uğurum deyil, bu bizə dəstək olanların və teatrımızın kollektivinin, yəni tələbələrimin uğurudur. Bir daha Qardabani bələdiyyəsinə öz təşəkkürümü bildirirəm”,
– Binəli İslamoğlu dedi.

Qardabaninin fəxri vətəndaşlarının təltif edilməsi mərasimində Qardabani Bələdiyyəsinin meri Davit Karqareteli, Qardabani bələdiyyə məclisinin sədri Mixeil Qedekxauri, Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, Gürcüstan Parlamentinin üzvləri İrakli Şatakişvili, Zaur Darğallı və Savalan Mirzəyev iştirak ediblər.

Qeyd edək ki, konsert “Betaniya” folklor ansamblının ifasında “Mravalzamieri” ilə açılıb. Tədbirdə yerli ansambllar gürcü və Azərbaycan xalqlarına məxsus musiqi nömrələri ilə çıxış ediblər. “Qardabnoba 2022” Gürcüstanda fəaliyyət göstərən “Night Show Band” musiqi qurupunun çıxışları ilə sona çatıb.

Print Email
FaceBook Twitter Google