“BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğlu “Qardabaninin
fəxri vətəndaşı” adına layiq görülüb.
4 oktyabr tarixində Qardabani bələdiyyəsinin mərkəzi parkında
keçirilən “Qardabnoba 2022” xalq bayramı zamanı fəxri adların
verilməsi mərasimi də keçirilib. Qardabaninin fəxri vətəndaşı adına
layiq görülən Binəli İslamoğlu “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, bundan gözəl mükafat ola bilməz.
“İlk öncə belə bir mükafata layiq gördükləri üçün Qardabani
bələdiyyəsinə öz dərin təşəkkürümü bildirirəm. Bizə hər zaman
dəstək olan dəyərli insanlarımıza da təşəkkür edirik. Təbii ki,
mənim üçün sürpriz oldu. Sevindikmi? Sevindik. Bəli, əgər sənin
gördüyün işə dəyər verirlərsə, bundan gözəl mükafat ola bilməz.
Sənət adamı üçün ilk öncə onun sənətinə verilən dəyərdir. Bu bircə
mənim uğurum deyil, bu bizə dəstək olanların və teatrımızın
kollektivinin, yəni tələbələrimin uğurudur. Bir daha Qardabani
bələdiyyəsinə öz təşəkkürümü bildirirəm”, – Binəli
İslamoğlu dedi.
Qardabaninin fəxri vətəndaşlarının təltif edilməsi mərasimində
Qardabani Bələdiyyəsinin meri Davit Karqareteli, Qardabani
bələdiyyə məclisinin sədri Mixeil Qedekxauri, Kvemo Kartli
qubernatoru Qiorqi Doxturişvili, Gürcüstan Parlamentinin üzvləri
İrakli Şatakişvili, Zaur Darğallı və Savalan Mirzəyev iştirak
ediblər.
Qeyd edək ki, konsert “Betaniya” folklor ansamblının ifasında
“Mravalzamieri” ilə açılıb. Tədbirdə yerli ansambllar gürcü və
Azərbaycan xalqlarına məxsus musiqi nömrələri ilə çıxış ediblər.
“Qardabnoba 2022” Gürcüstanda fəaliyyət göstərən “Night Show Band”
musiqi qurupunun çıxışları ilə sona çatıb.