Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bəyanat yayıb
Azərbaycan Respublikasının Qafqaz Müsəlmanları İdarəsi (QMİ)
bəyanat yayıb.
Həmin bəyanatda deyilir:
"Azərbaycan xalqı və dövləti öz qonşuları ilə sülh, qarşılıqlı
anlaşma və hörmət üzərində qurulan münasibətləri vacib sayır və bu
istiqamətdə bütün sahələrdə əlaqələri inkişaf etdirmək yönündə xoş
məram və əməli addımlar nümayiş etdirir. 2020-ci il Vətən
müharibəsində öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın bölgədə
sülh və əməkdaşlıq naminə qonşuları ilə siyasi, iqtisadi
əlaqələrini inkişaf etdirmək istəyi göz önündədir. Lakin təəssüflər
olsun ki, Azərbaycanın xoş niyyətləri hər zaman lazımi
qiymətləndirilmir, bəzi dövlətlər və siyasi dairələr tərəfindən
aqressiv münasibət, qeyri-konstruktiv mövqe və açıq düşmənçilik
meylləri ilə qarşılanır. Bu təəssüfdoğurucu hal qonşu İran dövləti
ilə bağlı xüsusi xarakter daşıyır və haqlı narahatlıq doğurur.
Azərbaycan dünyəvi hüquqi-demokratik dövlət olduğundan siyasi,
iqtisadi məsələlərə dair mövqenin ifadə olunması dövlət
rəsmilərinin vəzifə və məsuliyyətidir. İran müsəlman dövləti
olduğundan teokratik İranın dini cameəsi, bir qayda olaraq, siyasi
hadisələrə dair şərhlərlə çıxış edir. Azərbaycanın dini mərkəzi
olaraq dini-mənəvi müstəvidə yaranmış reallıqlara münasibət
bildirməyi özümüzə borc bilirik.
İran ilə Azərbaycanı bağlayan tarixi mənəvi dəyərlər arasında dini
amilin xüsusi önəm kəsb etməsi əsrlər ərzində formalaşmış
reallıqdır. Bu reallıq xalqların bir-birinə daha da yaxınlaşmasına
xidmət etməlidir. Dost, qardaş dar gündə tanınar. Təəssüflər olsun
ki, Azərbaycanın Qarabağ dərdi həllini tapana qədər, habelə tarixi
ədalət öz yerini alandan sonra da İran dövlətinin münaqişə və
müharibənin səbəbkarı olan Ermənistana münasibəti birmənalı şəkildə
himayədarlıq səciyyəsi daşımışdır. Ermənilərin dünyada hər zaman
xristian təəssübkeşliyindən yararlandığı məlum həqiqətdir, lakin
müsəlman İranın Azərbaycana qarşı işğalçılıq siyasəti həyata
keçirən Ermənistana hərtərəfli dəstəyi müsəlmanlar, xalqımız
tərəfindən qınanılır. Uzun illər ərzində əsl qardaş və dost kimi
İslam həmrəyliyi mövqeyindən çıxış edərək təcavüzkar Ermənistanla
siyasi, diplomatik əlaqələr qurmayan, səfirliyini açmayan,
beynəlxalq təşkilatlarda işğalı pisləyən bəyanatlarla çıxış edən
müsəlman ölkələrindən fərqli olaraq İİR Ermənistanla bütün
sahələrdə əməkdaşlığı daha da dərinləşdirmiş, üzvü olduğu İslam
Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş müvafiq qərar və
qətnamələrə məhəl qoymamışdır. Bu, islamı birlik və məzhəbi
yaxınlıq amalları ilə bir araya sığmayan münasibət Azərbaycan
dindarları tərəfindən qəbul olunmur, heysiyyatlarına toxunur.
Tarix hamımızın yadındadır. Ermənistan Azərbaycan ərazilərini
işğalda saxladığı, məscidlərimizi tövləyə çevirərək İslamda haram
buyurulan heyvanlarla həqarət etdiyi zamanlarda, müsəlman
Azərbaycan qadın, qoca və uşaqlarını qətliam etdiyi, Xocalıda
soyqırım törətdiyi, milyona yaxın azərbaycanlını dədə-baba
yurdundan məcburi çıxardığı, qaçqın həyatı yaşamağa məhkum etdiyi,
torpaqlarımıza od vurub viran qoyduğu günlərdə İran dövləti bu
vandalizm hallarına qarşı öz etirazını bildirmədi, erməni işğalını
pisləyən hər hansı qəti bəyanat belə səsləndirmədi. Halbuki,
Azərbaycan xalqı qonşu İran İslam Respublikasından bu faktların
qınanılmasını, pislənilməsini gözləyirdi. Qarabağda və Qərbi
Azərbaycan ərazilərində məscidlərimizi yerlə yeksan edən ermənilər
dünyanın gözündə guya məscidlərə qayğı göstərən dövlət imici
yaratmaq məqsədilə Şuşadakı Yuxarı Gövhərağa məscidinin və
İrəvandakı Göy məscidin «bərpa» etdirərkən prosesi həyata keçirən
İran şirkətləri məscidlərin azərbaycanlılara məxsusluq mənşəyini
dəyişdirərək, əslində, ermənilərin vandal əməllərini
malalaylblar.
Atalarımız gözəl deyib – uman yerdən küsərlər. Biz bütün bunlara
rəğmən, İran ilə qonşuluq münasibətlərinin yüksək səviyyəsinin
inkişaf etdirilməsini hər zaman vacib saymış, həm də orada yaşayan
milyonlarla soydaşımızın taleyinə biganə qalmamışıq. Azərbaycan
İslam dünyasının ayrılmaz parçası, İslam torpağıdır və bu
torpaqların azad olunması yolunda minlərlə azərbaycanlı müsəlman
şəhid olub. İran bu şəhidləri İslam şəhidi adlandırırdı, indi haqq
yolunda canını fəda edənlərin qanına bais olanlara bəraət vermək
müsəlman ölkəsinə yaraşarmı? İran dövləti müsəlman qardaşını təhdid
edən, əli müsəlman qanına bulaşmış tərəfə silah, hərbi yardım söz
verirsə, Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə
eyniləşdirirsə, bu, Ermənistanı yenidən müharibəyə
cəsarətləndirmək, revanşizmə kökləmək yönündə əməli addımdır və
Azərbaycanın dövlət mənafelərinə, xalqımıza birbaşa təhdiddir.
Tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək dəhliz yolu ilə
bağlı təhdidlər səsləndirən İran bu mürəkkəb dönəmdə Qafanda
konsulluq açırsa, qədim Azərbaycan şəhəri Təbrizdə Ermənistanın Baş
konsulluğunun açılışı üçün hazır olduqlarını bəyan edirsə, bu
qətiyyən dost, qardaş addımı kimi dəyərləndirilə bilməz. Bu, İslam
məfkurəsinə yaraşmayan hal, müsəlmanın öz müsəlman qardaşına
arxadan zərbəsidir.
Bölgədə yeni reallıqlar, postmüharibə dövrü hökm sürdüyü bir vaxtda
İranın Azərbaycanla sərhədlərində hərbi təlimlər keçirməsi
Azərbaycan cəmiyyəti tərəfindən birmənalı mənfi qarşılanır. Sual
yaranır – İran kimi hədəf alır? Əhli-Beytə məhəbbəti hər zaman
ucada olan, tarixən İmam övladlarının pənah gətirdiyi
Azərbaycanımı? İran manevrlərdə Arazı necə adlayıb keçməyi
planlayırsa biz bunu necə dəyərləndirməliyik? Budurmu İslami
həmrəylik, şiə təəssübkeşliyi? Azərbaycan dövlətinin siyasi,
iqtisadi və hərbi gücü bütün təhdidlərin, o cümlədən,
sərhədlərimizdə hər hansı təxribat halının qarşısını almaq
qüdrətindədir. Lakin yaxın qonşular, qardaşlar arasında qarşıdurma
yalnız düşmənlərin işinə yarayar. Bəşər tarixində ən çox qınanılan
ilk qan tökülməsi halının məhz qardaşın qardaş tərəfindən qətli -
Habil-Qabil hadisəsinin olduğunu unutmayaq. Haqq iddiasında olan,
«şirin quyruğuna» dair moizələr edən İranın ali ruhaniyyəti nədənsə
ölkələrinin Azərbaycana hərbi təcavüz etmiş ermənilərlə
canfəşanlıqla işbirliyinə dair, üzərində «Ya Hüseyn» yazılan top
lülələrinin şiələrin əksəriyyət təşkil etdiyi müsəlman ölkəsini
hədəf alması barədə mövqelərini ifadə etmir, bunun islamı
dəyərlərlə nə qədər uzlaşdığına dair şərh vermirlər. Bu, Azərbaycan
müsəlmanlarının islamı həmrəyliyə olan ümidlərini qırır, məyus
edir. İslam dini bizi birləşdirən müqəddəs dəyərdir. Bundan
sui-istifadə olunması, insanların həssas hissləri ilə məkrli
manipulyasiya əlaqələrimizə yalnız xətər toxundura bilər. Haqlı,
ədalətli Vətən mücadiləsində Zəfər çalmış Azərbaycan xalqının
sevincini bölüşmək əvəzinə Cümə xütbələrində bizə qarşı yeni-yeni
böhtan, iftira yağdıran İranın bəzi imam-cümələrinin fikirləri
Azərbaycan dindarlarının əksəriyyəti tərəfindən birmənalı şəkildə
mənfi qarşılanır.
Araz çayı hər iki tayında yaşayan azərbaycanlılar üçün müqəddəsdir.
Onun üzərindən yalnız dostluq körpüləri qurula bilər. Azərbaycan
Prezidenti İlham Əliyevin Xudafərin körpüsü üzərində Azərbaycan
bayrağını qaldırarkən söylədiyi kimi: “Xudafərin körpüsü Azərbaycan
xalqının milli sərvətidir... Xudafərin körpüsü Azərbaycan-İran
dostluğunun rəmzidir. Azərbaycan-İran sərhədi dostluq, əməkdaşlıq
sərhədidir”.
Azərbaycanda din dövlətdən ayrıdır, biz məscidlərimizdə heç bir
dövlətə qarşı hər hansı təbliğat aparmır, heç kəsin daxili işlərinə
qarışmırıq. Lakin mənəvi həyatımıza qarşı, dövlətçiliyimizə qarşı
hər hansı təhdid və qarayaxmaya göz yuma bilmərik. Müqəddəs dinimiz
İslam bizə haqqın, ədalətin yanında yer almağı təlqin edir.
Qafqaz Müsəlmanları İdarəsi olaraq, İranın Xarici İşlər Naziri
Hüseyn Əmir-Abdullahianın Qafanda erməni baş konsulluğunun açılış
mərasimində verdiyi açıqlamanı qətiyyətlə pisləyir, sözlərini geri
götürməsini tələb edirik. Ümumislam mənafeləri naminə, İslam
dininin sülh, qardaşlıq ideallarına hörmət əlaməti olaraq İran
İslam Respublikası rəsmisinin təkzibi qonşu dövlətlərimiz arasında
münasibətlərin qorunub saxlanılması və bütün sahələrdə, o cümlədən,
dini-mənəvi müstəvidə bağların qırılmaması üçün zəruridir. Bu bizim
üçün qırmızı xətdir. Azərbaycanın müsəlman dindarları məzhəbindən
asılı olmayaraq daim dövlətçiliyimizə sadiqdirlər və dövlət
mənafeyini, ölkəmizin suverenliyini qorumaq əzmindədirlər. 44
günlük Vətən müharibəsində dilindən, dinindən, etnik
mənsubiyyətindən asılı olmayaraq bir yumruq kimi öz Ali Baş
Komandanı İlham Əliyevin ətrafında birləşmiş Azərbaycan xalqı
səfərbər olmağın nadir nümunəsini bütün dünyaya nümayiş etdirib və
bunu təkrarlaya bilər. Azərbaycan dindarları hər zaman dövlət
rəhbərimizi dəstəkləyirlər.
Uca Allah müstəqilliyimizi, dövlətçiliyimizi hifz etsin! Amin!"