Antalyada keçirilən yarışda Gürcüstan idmançıları 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar (VİDEO)
1-6 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən “World Martial Arts Championship 2022” yarışında Gürcüstan idmançıları da iştirak ediblər. Həmin yarşıda Gürcüstan idmançıları yüksək nəticələr əldə ediblər. “Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi”-nin sədri Tofiq Əkbərov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onlar yarışa 7 idmançı, 1 hakim, 1 məşqçi və 1 komanda direktoru ilə qatılıblar.

“Komandanın məşqçisi Hacı Vəliyev idi. Yarışda komandamızdan Namiq Səfərov hakim kimi iştirak edirdi və beynəlxalq dərəcəyə layiq görüldü. Yarışda iştirak edən 7 idmançıdan 3-ü qızıl, 2-i gümüş, 2-i isə bürünc medal qazandılar. 60 kq çəki dərəcəsində Özcan Əhmədov, 50 kq çəki dərəcəsində Nahid Kərimov və 30 kq çəki dərəcəsində isə Kərim Vəliyev dünya çempionu adını qazanaraq, qızıl medal qazandılar. Bundan başqa 25 kq çəki dərəcəsində Nihat Sofiyev və 65 kq çəki dərəcəsində Elnar Vəliyev gümüş medal qazandılar. Yarışda 70 kq çəki dərəcəsində Kənan Bayramov və 60 kq çəki dərəcəsində Ruslan Bayramov isə bürünc medal əldə etdilər. İdmançılarımızın qazandıqları bu nəticə çox yüksəkdir və bütün komanda heyyəti ilə qürur duyuram. Uğurlarımızın davamını arzu edirəm və hər bir idmançımıza uğurlar diləyirəm. Gürcüstanda yaşayan Azərbaycanlı idmançılar olaraq qazandığımız bu tarixi uğurumuzu Azərbaycanın Zəfər gününə həsr edirik və şəhidlərin ruhları qarşısında baş əyirik”,
– Tofiq Əkbərov dedi.

Qeyd edək ki, Türkiyənin Antalya şəhərində keçirilən “World Martial Arts Championship 2022” yarışında Gürcüstanla yanaşı Türkiyə, Kipr, Ukrayna, Almaniya, Fransa, İtaliya, Portuqaliya, İngiltərə, Danimarka, ABŞ, Braziliya, Monqolustan, Avstraliya, İran, BƏƏ, Misir, Hindistan, Kuveyt, İsveçrə, İraq, İsveç, İndoneziya, Hollandiya və bir sıra ölkələrdən 1 000-dən çox idmançı medallar uğurunda mübarizə aparıb.


Print Email
FaceBook Twitter Google