Ermənistan öz qüvvələrini Qarabağdan çıxarmasa, Azərbaycan lazımi addımları atacaq - İ.Əliyev
Ermənistanda revanşist, müharibənin nəticəsi ilə barışmaq istəməyən qüvvələr var. Ermənistan 10 noyabr 2020-ci il tarixli razılaşmalara tam əməl etmir, silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini açmayıb. Bunu noyabrın 8-də Şuşada çıxış edən dövlət başçısı İlham Əliyev deyib.

Bu səbəbdən də Azərbaycan istənilən vaxt istənilən tapşırığı yerinə yetirməyə hazır olan ordusunu gücləndirir. Son iki ildə ordunun sayı artırılıb, yeni silah növləri alınıb.

“Azərbaycanın bugünkü ordusu iki il əvvəlkindən daha güclüdür , Ermənistan və hamı bunu başa düşməlidir. “Fərrux”, “Qisas” əməliyyatları, sentyabrın 13-14-də Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlər – bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Qarabağı unutsunlar, bura bizim torpağımızdır. Rusiya sülhməramlıları orada müvəqqətidirlər, onların qalma müddəti 10 noyabr tarixli bəyanatda göstərilib”, - Əliyev bildirib.

O, qeyd edib ki, Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarmaq öhdəliyini yerinə yetirməyib: “Bizim səbrimiz hüdudsuz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm ki, bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımları atacaq”.

“Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyi öz üzərinə götürüb. İki ildir ki, Laçın yolu ilə Ermənistandan Qarabağa və geriyə gedən maşınlara toxunmuruq. Sərbəst hərəkəti təmin edirik. Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsini təmin etməyi də öz üzərinə götürdü. İki il keçdi, nə texniki-iqtisadi əsaslandırma var, nə nəqliyyat var, nə dəmir yolu, nə magistral. Nə qədər gözləməliyik?”, - deyə o, davam edib.

Daha sonra o, Azərbaycan sərhədləri yaxınlığında hərbi təlim keçirən İrana cavab verib. “Ordumuz qəhrəmanlıq, peşəkarlıq və fədakarlıq göstərib və sərhədimizdə Ermənistana dəstək üçün hərbi təlimlər keçirənlər də bunu bilməlidirlər. Bizi heç kim qorxuda bilməz”, - Əliyev deyib.

Ermənistan vaxtı uzatmamalı və hansısa möcüzə gözləməməlidir ki, onun yerinə kimsə gəlib döyüşəcək.

“Biz sülh istəyirik, müharibə istəmirik, şərtlərimiz ədalətlidir və sülh müqaviləsi bu şərtlərlə imzalanmalıdır. Ermənistan xoş niyyət göstərsə, sülh imzalanacaq, yoxsa, yox. Bundan sonra nə olacağını həyat göstərəcək”, - İlham Əliyev sonda bildirib.

Mənbə: turan.az
Print Email
FaceBook Twitter Google