Ermənistanda revanşist, müharibənin nəticəsi ilə
barışmaq istəməyən qüvvələr var. Ermənistan 10 noyabr 2020-ci il
tarixli razılaşmalara tam əməl etmir, silahlı qüvvələrini
Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini
açmayıb.
Bunu noyabrın 8-də Şuşada çıxış edən dövlət başçısı İlham Əliyev
deyib.
Bu səbəbdən də Azərbaycan istənilən vaxt istənilən tapşırığı yerinə
yetirməyə hazır olan ordusunu gücləndirir. Son iki ildə ordunun
sayı artırılıb, yeni silah növləri alınıb.
“Azərbaycanın bugünkü ordusu iki il əvvəlkindən daha
güclüdür , Ermənistan və hamı bunu başa düşməlidir. “Fərrux”,
“Qisas” əməliyyatları, sentyabrın 13-14-də Ermənistan-Azərbaycan
sərhədində gedən döyüşlər – bütün bunlar Ermənistan üçün dərs
olmalıdır. Qarabağı unutsunlar, bura bizim torpağımızdır. Rusiya
sülhməramlıları orada müvəqqətidirlər, onların qalma müddəti 10
noyabr tarixli bəyanatda göstərilib”, - Əliyev
bildirib.
O, qeyd edib ki, Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarmaq
öhdəliyini yerinə yetirməyib: “Bizim səbrimiz hüdudsuz deyil və bir
daha xəbərdarlıq etmək istəyirəm ki, bu öhdəlik yerinə yetirilməsə,
Azərbaycan lazımi addımları atacaq”.
“Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyi öz
üzərinə götürüb. İki ildir ki, Laçın yolu ilə Ermənistandan
Qarabağa və geriyə gedən maşınlara toxunmuruq. Sərbəst hərəkəti
təmin edirik. Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan
Muxtar Respublikası arasında yol əlaqəsini təmin etməyi də öz
üzərinə götürdü. İki il keçdi, nə texniki-iqtisadi əsaslandırma
var, nə nəqliyyat var, nə dəmir yolu, nə magistral. Nə qədər
gözləməliyik?”, - deyə o, davam edib.
Daha sonra o, Azərbaycan sərhədləri yaxınlığında hərbi təlim
keçirən İrana cavab verib. “Ordumuz qəhrəmanlıq, peşəkarlıq və
fədakarlıq göstərib və sərhədimizdə Ermənistana dəstək üçün hərbi
təlimlər keçirənlər də bunu bilməlidirlər. Bizi heç kim qorxuda
bilməz”, - Əliyev deyib.
Ermənistan vaxtı uzatmamalı və hansısa möcüzə gözləməməlidir ki,
onun yerinə kimsə gəlib döyüşəcək.
“Biz sülh istəyirik, müharibə istəmirik, şərtlərimiz
ədalətlidir və sülh müqaviləsi bu şərtlərlə imzalanmalıdır.
Ermənistan xoş niyyət göstərsə, sülh imzalanacaq, yoxsa, yox.
Bundan sonra nə olacağını həyat göstərəcək”, - İlham
Əliyev sonda bildirib.
Mənbə: turan.az