Bazar ertəsi Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər
nazirləri hərtərəfli və möhkəm sülh haqqında danışıqları
sürətləndirmək barədə razılığa gəliblər,
bu barədə çərşənbə axşamı Dövlət Departamenti məlumat yayıb, xəbəri
Turan-ın Amerikadakı müxbiri verib.
"Xarici işlər nazirləri danışıqlarını sürətləndirmək və
yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa
gəliblər", – deyə Dövlət Departamentinin rəsmi
nümayəndəsi Ned Prays gündəlik mətbuat konfransında Turan-ın Ceyhun
Bayramov və Ararat Mirzoyan arasında son danışıqlar haqqında
suallarına cavabda bildirib.
Onun sözləriinə görə, Vaşinqtonda nazirlərin görüşü "müsbət" keçib,
belə ki, onlar bir çox sahələrdə fikir ayrılıqları olduğunu müəyyən
ediblər və "günün sonunda onlar birgə bəyannamə haqqında razılıq
əldə etməyə müvəffəq olublar".
Dövlət katibi Blinken Blair House-da müzakirələrdə iştirak etsə də,
Praysın sözlərinə görə, gün ərzində hər iki tərəfin ayrılıqda
görüşmək və "bəzi hallarda Birləşmiş Ştatların fəal iştirakı
olmadan" fikir ayrılıqlarını aradan qaldırmaq imkanı olub.
"Bizim bundakı rolumuz yardımdan ibarət olub. Biz iki ölkənin
görüşü üçün yer - indiki halda Blair House-u təqdim etdik, bir neçə
həftə əvvəl - sentyabrın sonlarında Nyu-Yorkda olduğu kimi. Amma
bu, Birləşmiş Ştatların bağlamağa çalışdığı və ya can atdığı, yaxud
hətta hər iki tərəfə zorla qəbul etdirə biləcəyi bir saziş
deyil", – deyə Prays bildirib.
Daha sonra o əlavə edib:
"Biz iki ölkənin bir araya
gəlməsi, çox sayda fikir ayrılıqlarını üzə çıxarması və onları
aradan qaldırmağa çalışması üçün yer və imkan yaratmağa
çalışırıq... Amma iki ölkə arasında hərtərəfli möhkəm sülhün necə
olacağını biz təyin etməyəcəyik. Biz onlara imzalamaq üçün hazır
sənəd təqdim etmirik. Biz onların özlərinin ehtiyacı olacaq
diplomatiyaya kömək etmək üçün əlimizdən gələni edirik və bu, bizim
bütün dünyada bu modelin həyat qabiliyyətini və səmərəliliyini
nümayiş etdirdiyimiz bir sıra problemlərə yanaşmamızdan çox az
fərqlənir".
Amma, onun sözlərinə görə,
"Birləşmiş Ştatlar bu
proseslərə kömək etmək üçün əlindəki vasitələrdən və nüfuzundan,
xeyirxah xidmətlərindən, bu binada və bütün bu hökumətdə mövcud
olan bilik və təcrübədən istifadə etməlidir".
"Düşünürük ki, Ermənistan və Azərbaycanla görüş bunu
etmək fürsəti idi və düşünürük ki, nəticələr kifayət qədər
müsbətdir", – deyə Prays bildirib.
Turan-ın müxbirinin dövlət katibinin tərəflərin ilin sonuna qədər
sülh müqaviləsi imzalamağa hazır olduğuna ümidi olub-olmadığı
haqqında sualına Prays belə cavab verib: "Biz bunu tərəflərin
ixtiyarına buraxacağıq".
"Bu, onların qəbul edəcəyi qərardır", –
deyə o izah edib.
"Düşünürəm ki, birgə bəyanatlarında oxuduğunuz kimi,
nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir
mübadiləsi aparmaq üçün fürsətdən istifadə ediblər və onlar etiraf
edirlər ki, həll ediləcək bir sıra məsələlər var. Onlar danışıqları
sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək
barədə razılıq əldə ediblər".
Vaşinqton hərtərəfli və möhkəm sülhə gedən yolda mümkün qədər tez
irəliləyiş əldə etmək üçün "əlindən gələni edəcək", – deyə Prays
sözünü tamamlayıb.
Mənbə: turan.az