19 noyabr tarixində Tbilisidə yerləşən Mirzə Fətəli Axundov adına
Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycanda fəaliyyət göstərən
Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri,
eləcə də Tbilisidə yeni fəaliyyətə başlayan “Şərq-Qərb Tədris
Universiteti”nin həmtəsisçisi, Gürcüstan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, professor, akademik Hamlet İsaxanlı ilə
Gürcüstanda yaşayan azərbaycanlılarla görüş keçirib.
Görüşdə ölkələr arasında mədəni, humanitar, təhsil və digər
sahələrdə əlaqələrin inkişaf perspektivləri, Gürcüstanda yaşayan
azərbaycanlıların təhsil problemləri, kadr çatışmazlığı və bu
problemlərin həlli yolları diqqət mərkəzində olub. Görüşdə icmanı
narahat edən təhsil sahəsində yaşanan problemlər və həlli yolları
müzakirə edilib.
Gənc alim, iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül
İsayeva çıxış edərək Gürcüstanda yaşayan azərbaycanlıların təhsil
sahəsində yaşadıqları problemlərdən danışıb, Azərbaycandilli
məktəblərin sayının ilbəil azaldığını diqqətə çatdırıb, milli
məktəblərdə kadr çatışmamazlığını, bu və digər problemlərin həlli
istiqamətində atılan addımları diqqətə çatdırıb. Eyni zamanda,
Gürcüstanın dövlət strukturlarına edilən müraciətlər barədə görüş
iştirakçılarına ətraflı məlumat verib.
Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar
Bayramov Azərbaycan dövlətinin Gürcüstan azərbaycanlılarına
göstərdiyi dəstək barədə məlumat verib. Təhsil sahəsinə yatırılan
sərmayələrdən, SOCAR-ın Gürcüstan nümayəndəliyi tərəfindən bu
ölkənin universitetlərində təhsil alan gənclərin təhsil haqqlarının
qarşılanmasından söz açan müşavir deyib ki, bu dəstək davamlı
olaraq həyata keçiriləcək.
Professor Hamlet İsaxanlı Xəzər Universitetinin təsis olunması
zərurətindən danışıb, bu zaman qarşılaşdığı problemlərdən və
onların həlli yollarından danışıb. O, Gürcüstanda həmtəsisçisi
olduğu universitetin məqsəd və məramı barədə məlumat verib,
Gürcüstan azərbaycanlılarına hər zaman dəstək olmağa hazır olduğunu
diqqətə çatdırıb.
Bildirilib ki, Tbilisidə fəaliyyət göstərən və “Şərq-Qərb Tədris
Universiteti” cari il avqustun 9-da beynəlxalq akkreditasiyadan
keçib və tam hüquqi fəaliyyət göstərir. Hələlik tibb ixtisası üzrə
kadr hazırlayan tədris ocağında gələcəkdə digər ixtisaslar üzrə də
kadrların hazırlanacağı vurğulanıb.
Gürcüstan ziyalıları Şərq-Qərb Tədris Universitetinin nəzdində
müəllim hazırlığı, həmçinin, teatr və jurnalistika üzrə fakültə və
departamentlərin açılması ilə bağlı professor H.İsaxanlıya müraciət
ünvanlayıblar.
Qeyd edək ki, universitetin digər həmtəsisçisi İvane Cavaxişvili
adına Tbilisi Dövlət Universitetinin keçmiş prorektoru, professor
Teymuraz Xurodzedir.