Azərbaycanın Müdafiə Nazirliyi Rusiya sülhməramlılarını ermənilərin
təxribatçı fəaliyyətlərinin qarşısını almağa çağırıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun
yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı
və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan
ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı
kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən
rəsmi qaydada göndərilmiş və məlumatlarda məhz bu adlardan istifadə
olunması barədə dəfələrlə müraciət edilib.
Buna baxmayaraq, təəssüf ki, Rusiya Federasiyasının Müdafiə
Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya
Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında
yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd
edilir.
Belə ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 24
noyabr 2022-ci il tarixli rəsmi məlumatında “Maqavuz” yaşayış
məntəqəsi istiqamətində Azərbaycan tərəfindən guya atəşkəsin
pozulmasının qeydə alındığı bildirilir.
Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların “Maqavuz”
adlandırdığı Azərbaycan yaşayış məntəqəsinin rəsmi adı ÇARDAQLIDIR.
Azərbaycan Ordusunun bölmələri atəşkəsi pozmayıb və bu istiqamətdə
heç bir atəş açmayıb.
Eyni zamanda onu da bəyan edirik ki, son zamanlar qeyri-qanuni
erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması və digər
hadisələr barədə Rusiya tərəfinə verilən məlumatlar nədənsə Rusiya
sülhməramlı kontingentinin rəsmi açıqlamalarında öz əksini
tapmır.
Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan
ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı
kontingentinin komandanı və Türkiyə-Rusiya Birgə Monitorinq
Mərkəzinin rəhbərliyi qeyri-qanuni erməni silahlı dəstələri
tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış
və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən
aşkar edilmiş Ermənistan istehsalı olan PMN-Э markalı piyada
əleyhinə mina sahəsinə noyabrın 23-də baxış keçiriblər.
Baxış zamanı bildirilib ki, ərazidən təkcə 2021-ci ildə
Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э markalı piyada
əleyhinə mina bölmələrimiz tərəfindən aşkar edilərək
zərərsizləşdirilib. Təəssüflər olsun ki, bu barədə də Rusiya
sülhməramlı kontingenti tərəfindən rəsmi məlumat verilməyib.
Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya
sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında
ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün
toponimlərlə ifadə etməyə və qanunsuz erməni hərbi birləşmələrinin
ərazilərin minalanması daxil olmaqla, bütün təxribatçı
fəaliyyətlərinin ciddi surətdə qarşısının alınmasına
çağırırıq", - Azərbaycanın Müdafiə Nazirliyinin
bəyanatında deyilr.